Bakı İstintaq Təcridxanasının keçmiş əməkdaşının məhkəməsi başlayıb

Bakı İstintaq Təcridxanasının keçmiş əməkdaşının məhkəməsi başlayıb

Bakı İstintaq Təcridxanasının keçmiş əməkdaşı Elşad Məmmədovun cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb.

Birxeber.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən iclasda ittiham aktı elan olunub.

İttihama görə, Elşad Məmmədov vəzifəli şəxs kimi qulluq mənafeyinə uyğun olmayan hərəkətlərə yol verib. Belə ki, o, 2023-cü ilin əvvəllərində Bakı İstintaq Təcridxanasında cəza çəkən şəxslərin xeyrinə işlər görəcəyini bildirib. Təcridxana qaydalarına uyğun olmayan istifadəsi qadağan edilən mobil telefonları və nömrələri yoxlamadan kənar olaraq cəza çəkən şəxslərə verib.

Həmçinin o, cəza çəkən şəxsin anası ilə Sumqayıt şəhərində görüşərək ondan mobil nömrə alıb.

Təcridxanada axtarışlar aparılana qədər cəza çəkən şəxslər bu mobil telefonlar və nömrələrdən istifadə ediblər.

Bundan başqa, təqsirləndirilən Elşad Məmmədovun adına bank kartına müxtəlif zamanlarda ümumilikdə 416 manat rüşvət kimi göndərilib.

Təqsirləndirilən Elşad Məmmədov Cinayət Məcəlləsinin 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 317-1.2 (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi - Eyni əməllər şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 311 (Rüşvət alma) maddələri üzrə ittiham olunur.

Məhkəmədə ifadə verən Elşad Məmmədov ittiham olunduğu maddələr üzrə özünü qismən təqsirli bilib. O, əməlindən peşman olduğunu da deyib.

Məhkəmə prosesi fevralın 12-də davam etdiriləcək.