Zelenski: Rusiyanın hücumlarına tab gətirmək üçün silah-sursatımız yoxdur

Zelenski: Rusiyanın hücumlarına tab gətirmək üçün silah-sursatımız yoxdur

Rusiyanın hücumlarına tab gətirmək üçün yetərincə silah-sursatımız yoxdur. Buna görə də qarşı tərəf bizi hər gün daha da geri çəkilməyə məcbur edəcək.

APA-nın xəbərinə görə, bunu ABŞ-nin PBS telekanalına Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

O, həmçinin ölkəsinin danışıqlara hazır olduğunu deyib. Bildirib ki, onların müzakirələr aparacağı tərəf Rusiya olmayacaq. Çünki rəsmi Moskva bundan dəfələrlə imtina edib:

“Onların bəyanatları, eləcə də kəşfiyyat məlumatları bunu deməyə əsas verir. Biz başa düşürük ki, Rusiya Prezidenti Vladimir Putin bizimlə danışıqlar masasına oturmağa hazır deyil. Çünki Putin üçün istənilən danışıq qələbə anlamına gəlmir”.

Ukrayna lideri əlavə edib ki, hazırda ordunun nəzarətindəki ərazilərin effektiv müdafiəsi üçün ordu Rusiya silahlı qüvvələrinin hərbi təchizat səviyyəsinə çatdırılmalıdır.

"Bu o deməkdir ki, məsələn Rusiya tərəfinin 10 ədəd gülləsi varsa, bizdə də eyni sayda mərmi olmalıdır. Daha sonra irəliləmək üçün daha müasir silahlara ehtiyacımız var. Söhbət həm də hava məkanının qorunması məqsədilə istifadə olunan sistemlərdən gedir. Hərbçilərin irəliləməsi üçün uçuşlara qoyduğumuz məhdudiyyəti rahatlıqla aradan qaldıra bilməliyik”.

V. Zelenski əlavə edib ki, avropalı tərəfdaşların dəstəyi dayandırması Ukraynanın məğlubiyyəti deməkdir:

“Hazırda artilleriya mərmiləri arasındakı fərq belədir: Tutaq ki, bizim 1 mərmimiz varsa, Rusiyada bu say 10 ədəddir. Bu cür fərqlə qarşı tərəfin hücumlarına davam gətirmək mümkündürmü? Biz Qərbdən 500 qırıcı istəmirik. Yeri gəlmişkən, Rusiyanın malik olduğu qırıcılardan sadəcə 300 ədədi Ukrayna ərazisində istifadə olunur. Biz sabahı düşünməli olsaq da, növbəti ilin hadisələrindən hər kəs xəbərsizdir. Ölkəmizə hansı formada dəstək veriləcəyindən xəbərsizik”, V. Zelenski belə deyib.