Oğuzun Yenikənd kəndinin yolu yararsız vəziyyətə düşüb

Oğuzun Yenikənd kəndinin yolu yararsız vəziyyətə düşüb

Oğuz rayonunun Yenikənd kəndinin yolları yararsız vəziyyətə düşüb.

Bu barədə "Report"un Şimal-qərb bürosuna kənd sakinləri məlumat veriblər.

Onların sözlərinə görə, kənddə yaşayan 600 nəfərdən artıq sakin uzun illərdir ki bu çətin vəziyyətlə üz-üzədir. Kənd yolunun böyük bir hissəsində irili-xırdalı çalalar əmələ gəlib.

"Yağış yağdıqda qonşu Yaqublu kəndindən Yenikənd kəndinə qədər olan 1.5 kilometrlik məsafə keçilməz olur. Yaqublu kəndinin 800 nəfər sakinini də nəzərə alsaq, bu yoldan ümumilikdə 1500 nəfər istifadə edir", - sakinlər qeyd ediblər.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli "Report"un yerli bürosuna bildirib ki, sözügedən yol təmirə ehtiyacı olan yolların siyahısına daxil edilib.

"Maliyyə vəsaiti ayrılan kimi həmin yolun Agentlik tərəfindən təmir işləri həyata keçiriləcək", - deyə o vurğulayıb.