“Bank of Baku”nun xalis mənfəəti 3 dəfəyə yaxın azalıb - Biznes kredit portfeli kiçilib

“Bank of Baku”nun xalis mənfəəti 3 dəfəyə yaxın azalıb  - Biznes kredit portfeli kiçilib

“Bank of Baku” 2024-cü ilin I rübü üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” banka istinadən xəbər verir ki, 2024-cü ilin I rübündə “Bank of Baku”nun xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.7 dəfə azalaraq 3 milyon 504 min manat təşkil edib. 2023-cü ilin müvafiq dövründə bank 9 milyon 538 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə bankın faiz gəlirləri 18.7% artaraq 35 milyon 216 min manat, faiz xərcləri isə 51.8% artaraq 13 milyon 242 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 3.8 milyon manata ( illik müqayisədə 75% çox ), qeyri-faiz xərcləri isə 19.3 milyon manata ( illik müqayisədə 27.1% çox) bərabər olub. Beləliklə bank bu dövrdə 6 milyon 548 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da illik müqayisədə 18% azdır.

Cari ilin aprel 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 5.9% və ya 51.7 milyon manat artaraq 922 milyon 559 min manata yüksəlib. Cari ilin ilk 3 ayında “ Bank of Baku”nun kredit portfeli (müştərilərə verilmiş kreditlər) 1.6% və ya 10.3 milyon manat artaraq 669 milyon 359 min manata çatıb. Bankın kredit portfelində istehlak kreditləri 487,6 milyon manat (2.4% artıb), biznes kreditləri 142.9 milyon manat (3.5% azalıb), daşınmaz əmlak kreditləri isə 38.9 milyon manat (11.5% artıb) təşkil edib.

Bu dövrdə “Bank of Baku”nun cəmi öhdəlikləri 780 milyon manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 6.6% və ya 48.2 milyon manat çoxdur. Bankın depozit portfeli də cari ilin ilk 3 ayında 10.4% və ya 53.8 milyon manat artaraq 569 milyon 567 min manata yüksəlib.

2023-cü il aprel ayının 1-nə “Bank of Baku”nun cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 2.6% və ya 3 milyon 555 min manat artaraq 142 milyon 526 min manat təşkil edib.