Basketbol Federasiyasının baş katibi: Qarşımıza qoyduğumuz məqsədə nail olduq

Basketbol Federasiyasının baş katibi: Qarşımıza qoyduğumuz məqsədə nail olduq

Qarşımıza qoyulan məqsəd bu turnirdə qalib olmaq idi. Buna da nail olduq. Çox şadam ki, arzumuza çatdıq.

"Report" xəbər verir ki, bunu Azərbaycan Basketbol Federasiyasının (ABF) baş katibi Vüqar Əzimov Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində qalib olmaları barədə danışarkən deyib.

ABF rəsmisi turnirlərə yaxşı start verə bilmədiklərini söyləyib: "Yəqin ki, hamınız bu yarışı izləyirdiniz. İlk matçda Çili komandasının oyunçusunun zədələnməsi bizə çox kömək oldu. Monqolustana qarşı ikinci oyun gərgin alındı. Tiffani Heys bu matçda zədə aldığı üçün onu Niderlandla qarşılaşmada bilərəkdən oynatmadıq, yarımfinala hazırladıq".

Baş katib Paris-2024 Yay Olimpiya Oyunlarına aparılacaq heyətlə bağlı danışıb: "Komandada beş basketbolçu var. Amma onlardan 4-ü gedəcək. İyunun əvvəlində Qəbələ şəhərində dünya turu gerçəkləşəcək. Məşqçilər heyəti hansı oyunçuları daha hazır görsələr, onları da aparacaqlar".

Qeyd edək ki, millimiz turnirin finalında Polşaya 18:17 hesabı ilə qalib gələrək Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Azərbaycan ilk dəfə komanda idman növündə olimpiadada təmsil olunacaq.