İİTKM informasiya sistemlərini tam şəkildə “Hökumət buludu”na köçürüb

İİTKM informasiya sistemlərini tam şəkildə “Hökumət buludu”na köçürüb

Dövlət qurumlarının informasiya sistemlərinin və ehtiyatlarının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-yə məxsus Bakı və Yevlax Data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir.

Birxeber.Az-Economics” xəbər verir ki, daha əvvəl informasiya sistemlərini “Hökumət buludu”na qismən köçürmüş İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) artıq miqrasiya prosesini tam olaraq yekunlaşdırıb. Mərkəz “Hökumət buludu”na miqrasiya çərçivəsində “AzInTelecom” MMC-nin təqdim etdiyi Virtual server – IaaS (İnfrastructure-as-a-Service) virtual server xidmətini əldə edib. İİTKM informasiya sistemlərini Bakı Data Mərkəzində yerləşdirməklə kritik sistemlərinin yüksək əlçatanlığını təmin edib.

Eyni zamanda İİTKM məlumatların təhlükəsiz saxlanması məqsədilə Rezervlənmə – BaaS (Backup-as-a-Service) bulud xidmətindən də yararlanıb. “AzInTelecom” bu xidmət daxilində təqdim edilən funksionallıqları daha çevik və sadə formada idarə etmələri üçün İİTKM mütəxəssislərini “Veeam” platforması ilə təmin edib.

Qeyd edək ki, dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə cari İT xərcləri azalır və informasiya sistemlərinin məhsuldarlığı artır. Beləliklə, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksəkkeyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.

“AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan əlavə, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyən Bakı və Yevlaxda yerləşən iki Data Mərkəzinə malikdir.