Sumqayıt Şəhər Prokurorluğunda “Açıq qapı günü” keçirilib

Sumqayıt Şəhər Prokurorluğunda “Açıq qapı günü” keçirilib

Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə olan ictimai maraq nəzərə alınaraq, aprelin 16-da Sumqayıt Şəhər Prokurorluğunda “Açıq qapı günü” keçirilib.

"Birxeber.Az"un yerli bürosu məlumat verir ki, tədbirdə media qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də dövlət qurumları və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən Sumqayıt şəhər prokuroru Mürvət Həsənov şəhər prokurorluğunun fəaliyyəti, cinayətkarlığa qarşı aparılan mübarizə tədbirləri, habelə insan hüquq və azadlıqlarının müdafiəsi naminə görülən işlər barədə danışıb.

Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov çıxış zamanı prokurorluq orqanlarının digər dövlət qurumları ilə birgə ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın bərpa edilməsi istiqamətində həyata keçirdikləri kompleks işlər barədə məlumat verib.

Sonra iştirakçılar inzibati binada əməkdaşlar üçün yaradılmış iş şəraiti ilə tanış olublar. Onların sualları ətraflı cavablandırılıb və “Elektron prokurorluq” informasiya sistemi əyani olaraq nümayiş olunub.

Kriminalistik avtomobil və avadanlıqlarla tanış olan qonaqlara istintaq hərəkətlərinin keçirilməsi zamanı müasir texnikadan istifadənin əhəmiyyəti izah olunub.