Fransa hərbçisi: Makron diplomatiyamızı tamamilə məhv edib

Fransa hərbçisi: Makron diplomatiyamızı tamamilə məhv edib

Fransa diplomatiyası prezident Emmanuel Makron tərəfindən tamamilə məhv edilib və onun Parisdə keçiriləcək Olimpiya Oyunları zamanı dünyada atəşkəs elan etmək təklifi heç bir uğur gətirməyəcək.

“Report” xəbər verir ki, bu fikri Fransa hərbçisi Alan Korvez xarici mətbuata müsahibəsində Makronun müvafiq təşəbbüsünü şərh edərkən bölüşüb.

Korvez vurğulayıb ki, Fransa bütün dünyada, o cümlədən Afrika, Rusiya və Avropada nüfuzunu itirib. Eyni zamanda, Makronun atəşkəs çağırışları real strateji düşüncəyə əsaslanmır.

Onun fikrincə, heç bir ölkə Ukraynada, Qəzza zolağında, Sudanda və planetin digər yerlərində Fransa diplomatiyası vasitəsilə atəşkəs təşəbbüsünü həyata keçirməyəcək. Bundan əlavə, Korvez hesab edir ki, Ukrayna, Rusiya, Avropa İttifaqı, ABŞ və İsrailin problemlərini həll etmək üçün Makrona ehtiyac yoxdur.