Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə ikitərəfli əməkdaşlığın gündəliyini müzakirə edib - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə ikitərəfli əməkdaşlığın gündəliyini müzakirə edib - YENİLƏNİB - FOTO

15 aprel 2024-cü il tarixində Xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasına işgüzar səfəri çərçivəsində Prezident Şavkat Mirziyoyev tərəfindən qəbul edilib.

Birxeber.Az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Görüş zamanı nazir Ceyhun Bayramov tarixi, mədəni və dini ortaqlıqları bölüşdüyümüz qardaş Özbəkistan Respublikası ilə ölkəmiz arasında formalaşmış strateji tərəfdaşlıq münasibətlərinin nümunəvi xarakterə malik olduğunu bildirib.

Ölkələrimiz arasında siyasi, iqtisadi, ticarət, nəqliyyat və kommunikasiyalar, mədəniyyət, humanitar və digər sahələr üzrə çoxşaxəli münasibətlərin məzmunca zənginləşməsinin məmnunluq doğurduğunu vurğulayıb.

Regional və beynəlxalq təşkilatlar, xüsusilə ölkəmiz üçün prioritet istiqamətlərdən birini təşkil edən Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyə əsaslanan əməkdaşlığın genişləndirilməsinin zəruriliyi qeyd olunub.

Cari ildə ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi, bu istiqamətdə birgə tədbirlərin həyata keçirilməsində əməkdaşlığa hazır olduğumuz diqqətə çatdırılıb.

Görüşdə, həmçinin iki ölkə arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran digər məsələlər, habelə postmünaqişə dövründə regional vəziyyət müzakirə olunub.

***

Saat 19:48

Özbəkistanda səfərdə olan xarici işlər naziri Ceyhun Bayramov Prezident Şavkat Mirziyoyevlə görüşüb.

Birxeber.Az-nın məlumatına görə, tərəflər ölkələrimiz arasında strateji tərəfdaşlıq və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi perspektivlərini, eləcə də qarşıdakı görüş və gündəlikdə duran tədbirləri nəzərdən keçirib.

Görüşdə, həmçinin əməkdaşlığın 10 yeni istiqaməti üzrə fikir mübadiləsi aparılıb.