Çexiya İran səfirini XİN-ə çağırıb

Çexiya İran səfirini XİN-ə çağırıb

Çexiya Xarici İşlər Nazirliyi İranın Praqadakı səfiri Seyid Məcid Qafilebaşını çağırıb.

"Report" "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski bildirib.

Bildirilib ki, səfirin XİN-ə çağırılması İranın İsrailə hücumu ilə bağlı olub.

Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə "Doğru vəd əməliyyatı" kod adı altında İsrailə hücum edib. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab olaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurmadır.

Aprelin 14-də səhər saatlarında İran İsrailə qarşı əməliyyatın başa çatdığını elan edib. O, hücumu "qanuni və haqlı özünümüdafiə aktı" hesab edib. ABŞ, Rusiya və müxtəlif KİV ümumi əməliyyatı uğursuz qiymətləndirib. İsrail hava məkanını açıb, Ben Qurion hava limanı fəaliyyətini bərpa edib. Ardınca İsrail ordusu sakinlərə sığınacaqları tərk etməyə icazə verib.