Beynəlxalq humanitar əməliyyatlarla bağlı kurs keçirilib

Beynəlxalq humanitar əməliyyatlarla bağlı kurs keçirilib

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçməsinə hazırlıq məqsədilə Nazirliyin Mülki müdafiə qoşunlarında növbəti kurs təşkil olunub.

APA xəbər verir ki, bu barədə FHN-dən bildirilib. “Beynəlxalq humanitar əməliyyatlarda iştirakın hüquqi əsasları və etik normalar” mövzusunda keçrilmiş kursda FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin üzvləri, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin və Türk Qızıl Ay Cəmiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər - FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin rəhbəri Nazirliyin Baş əməliyyat idarəsinin rəis müavini polkovnik Ələsgər Əliyev, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fövqəladə hallara hazırlıq şöbəsinin müdiri Elşən Səlimzadə və Cəmiyyətin nümayəndəsi Nigar Qədəşova, Türk Qızıl Ay Cəmiyyətinin Azərbaycandakı nümayəndəsi Hüseyn Çitak budəfəki kursun əhəmiyyətindən bəhs ediblər. Çıxış edənlər beynəlxalq humanitar əməliyyatlar zamanı beynəlxalq norma və qaydalar, fəaliyyətin əsas prinsipləri, etik və həssas məsələləri əhatə edən hüquqi sənədlərin tələblərindən və beynəlxalq təcrübədən söz açıblar. O da vurğulanıb ki, dəstə üzvləri həm xarici ölkələrdə, həm də ölkəmizdə keçirilən bir sıra təlim və kurslarda əldə etdikləri bilik və təcrübələrini daim inkişaf etdirməlidirlər.

Tədbirin sonunda kursu bitirən dəstə üzvlərinə müvafiq sertifikatlar təqdim olunub.