Zaqatalada iki qohum pomidor turşusundan zəhərlənib - YENİLƏNİB-1

Zaqatalada iki qohum pomidor turşusundan zəhərlənib - YENİLƏNİB-1

Aprelin 14-də saat 18:00 radələrində Zaqatala rayon Yuxarı Tala kənd sakini, 1999-cu il təvəllüdlü şəxs (kişi cinsli) qida zəhərlənməsi şübhəsi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Bu barədə Birxeber.Az-nın yerli bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Qeyd olunub ki, həmin şəxs aprelin 15-də səhər saat 05:00 radələrində Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Toksikologiya Mərkəzinə təxliyə edilib.

1963-cü il təvəllüdlü digər şəxs (kişi cinsli) isə bu gün saat 13:13-də Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib, hazırda Toksikologiya Mərkəzinə təxliyə edilir. Botulizmə şübhə olduğundan ailənin digər üzvləri də profilaktik olaraq xəstəxanaya dəvət olunub, müvafiq tibbi yardımlar göstərilib. Ambulator müayinə üçün Bakı şəhərinə göndərişlə təmin ediliblər.

***

17.07

Zaqatalada baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Bu barədə Birxeber.Az-nın sorğusuna cavab olaraq AQTA-dan bildirilib. Qeyd olunub ki, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

***

16.10

Zaqatalada iki nəfər pomidor turşusundan zəhərlənib.

Birxeber.Az-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Tala kəndində baş verib. 1999-cu il təvəllüdlü Mollahacı Nurəddin oğlu Ramazanov ötən gün zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub. Müayinə zamanı Mollahacı Ramazanovun pomidor turşusundan zəhərləndiyi məlum olub, vəziyyəti ağır olduğu üçün Respublika Toksikologiya Mərkəzinə göndərilib.

Bu gün isə M. Ramazanovun yaxın qohumu 1963-cü il təvəllüdlü Murad Ramazan oğlu Ramazanov zəhərlənmə əlamətləri ilə Zaqatala RMX-ya müraciət edib. Onun da ötən gün qohumu M.Ramazanovla eyni məclisdə pomidor turşusundan zəhərləndiyi məlum olub.

Murad Ramazanov reanimasiya şöbəsinə yerləşdirilib.

Vüqar Heydərov

Yetər Kərimli