DSMF-nin həbsdə olan sabiq əməkdaşı 6,5 milyon manatdan çox vəsaiti mənimsəməkdə təqsirləndirilir

DSMF-nin həbsdə olan sabiq əməkdaşı 6,5 milyon manatdan çox vəsaiti mənimsəməkdə təqsirləndirilir

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) həbsdə olan sabiq əməkdaşı 6,5 milyon manatdan çox vəsaiti mənimsəməkdə təqsirləndirilir.

Baş Prokurorluqdan "Report"a verilən məlumatda bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun sabiq əməkdaşı, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən Vüsal Arif oğlu Əliyevin qanunsuz əməlləri ilə bağlı daxil olmuş məlumat əsasında aparılan araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Vurğulanıb ki, ibtidai istintaqla Vüsal Əliyevin saxta əmək kitabçaları, şəxsiyyət vəsiqələri və digər sənədlər hazırlayaraq ayrı-ayrı vətəndaşlara əsassız olaraq güzəştli şərtlərlə ailə başçısını itirməyə və ya yaşa görə əmək pensiyalarının təyin olunmasına nail olması, nəticədə Dövlət Sosial Müdafiə Fonduna məxsus ümumilikdə 6 milyon 500 min manatdan artıq pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilib ki, iş üzrə toplanmış mötəbər sübutlar əsasında Vüsal Əliyev Cinayət Məcəlləsinin 178.4 (dələduzluq xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 313 (vəzifə saxtakarlığı), 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) və digər maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.