Azərbaycan millisinin üzvü: Gürcüstana qarşı oyunumuz heç də pis alınmadı

Azərbaycan millisinin üzvü: Gürcüstana qarşı oyunumuz heç də pis alınmadı

Gürcüstan millisinə qarşı oyunumuz heç də pis alınmadı.

Bu sözləri “Report”a futzal üzrə Azərbaycan millisinin üzvü Tofiq Mikayılov deyib.

O, belə oyunların böyük təcrübə olduğunu bildirib: “Məğlubiyyətə baxmayaraq, oyunu yüksək səviyyədə keçirdik. Bu rəqibə qarşı daha bir oyunumuz var. Çalışacağıq ki, növbəti matçda hesabda da üstün tərəf olaq və qələbə qazanaq".

Təcrübəli futzalçı milli komandada gənclərin çoxluq təşkil etdiyini bildirib: “Yığmamızda əcnəbi futzalçılar yer almır. Gənclərdən ibarət heyət formalaşıb. Aralarında mənim kimi 3-4 təcrübəli var. Baş məşqçimizin istəyi odur ki, yaşlı oyunçular gənclərlə öz təcrübələrini bölüşsülər və yaxşı nəticələr qazanılsın”.

Qeyd edək ki, Azərbaycan millisi aprelin 14-də Tbilisi İdman Sarayında keçirilən yoxlama oyununda Gürcüstana 2:3 hesabı ilə məğlub olub. Bu komandalar arasında növbəti görüş aprelin 16-da baş tutacaq.