Azərbaycan milli standartlaşdırma sistemini beynəlxalq tələbə uyğunlaşdırır

Azərbaycan milli standartlaşdırma sistemini beynəlxalq tələbə uyğunlaşdırır

İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı” üzrə Tədbirlər Planında nəzərdə tutulmuş işlərin icrası məqsədilə İşçi Qrupun növbəti iclası keçirilib.

"Birxeber.Az" Dövlət Xidmətinə istinadən xəbər verir ki, iclasın keçirilməsində məqsəd yaradılmaqda olan texniki tənzimləmə sisteminin elementləri, o cümlədən texniki reqlamentlərin strukturu barədə aidiyyəti dövlət orqanları nümayəndələrinin məlumatlandırılmasıdır.

Görüş zamanı Dövlət Xidmətinin rəis müavini İlqar Həsənov və Nazirlər Kabinetinin nümayəndəsi Faiq Hüseynovun istehlak bazarlarının təhlükəli mallardan qorunması və sağlam rəqabət mühitinin inkişafında texniki tənzimləmə sisteminin əhəmiyyəti, o cümlədən bu sahədə dövlət siyasəti barədə çıxışları dinlənilib. Daha sonra iş planından irəli gələn tədbirlərin icrası ilə bağlı mövcud vəziyyət, müvafiq sahədə Avropa, Türkiyə və Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri də daxil olmaqla, beynəlxalq təcrübənin tətbiqi imkanları müzakirə edilib.

İş planında səlahiyyətli dövlət orqanları tərəfindən müxtəlif mal kateqoriyalarının təhlükəsizliyinə dair 35 milli texniki reqlamentin hazırlanması nəzərdə tutulub. Bu reqlamentlər ilkin mərhələdə əhalinin ən çox istehlak etdiyi yuyucu vasitələr, yanacaq və yüngül sənaye məhsulları, tütün məmulatları və digər prioritet qeyri-qida sənaye mallarını əhatə edəcək.

Bundan əlavə, İşçi qrupun iclasında Dövlət Xidmətinin hazırladığı "Oyuncaqların təhlükəsizliyi haqqında" milli texniki reqlament layihəsinin təqdimatı baş tutub. Təqdimat zamanı oyuncaqlar üzrə gigiyenik, kimyəvi, radioaktiv, fiziki-mexaniki və alışqanlıq xassələrinə dair təhlükəsizlik tələbləri barədə məlumat verilib, o cümlədən layihə üzərindən texniki reqlamentlərin strukturu diqqətə çatdırılıb.

Sonda texniki reqlamentlərin əsas texniki tələblərini əks etdirən istinad standartlarının qəbulunun önəmi dövlət orqanlarının nümayəndələrinin diqqətə çatdırılıb.

Dövlət Proqramı ölkə Prezidentinin 23 yanvar 2023-cü il tarixli sərəncamı ilə təsdiq olunub, milli texniki reqlamentlərin qəbulu, texniki tənzimləmə sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, bu istiqamətdə müasir laboratoriya şəbəkəsinin qurulması, istehsal prosesi, keyfiyyətin qiymətləndirilməsi və xidmət sferasının təşkilinə dair mühüm sahələri əhatə edir.