NİİM-in müşahidə etdiyi yollarda 3 ay ərzində 384 qəza olub

NİİM-in müşahidə etdiyi yollarda 3 ay ərzində 384 qəza olub

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) müşahidə etdiyi yollarda 3 ay ərzində 384 qəza olub.

Bu barədə "Report"a mərkəzdən məlumat verilib.

Bildirilib ki, paytaxt yollarında quraşdırılmış videomüşahidə kameralarının əhatə dairəsində ötən 3 ay ərzində 384 yol-nəqliyyat hadisəsi baş verib. Müvafiq tədbirlər görülməsi üçün NİİM-in əməkdaşları tərəfindən aidiyyəti üzrə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına məlumat verilib.

"Qeydə alınan qəzaların təhlili göstərib ki, yüksək sürət, ara məsafəsinə düzgün əməl edilməməsi, yol nişanlarının tələbinin pozulması və sürücü diqqətsizliyi yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olub. Qəzalar daha çox avtomobillərin intensiv hərəkət etdiyi mərkəzi küçə və prospektlərdə, Ziya Bünyadov, Heydər Əliyev, Babək, Tbilisi prospektlərində, Bakı-Sumqayıt, Aeroport, Sabunçu-Zabrat şoselərində, Üzeyir Hacıbəyli, Rəşid Behbudov, Mikayıl Müşfiq, 28 May və digər küçələrdə baş verib. Bu yol-nəqliyyat hadisələri yollarda bir çox hallarda sıxlığın yaranmasına, digər nəqliyyat vasitələrinin sərbəst və fasiləsiz hərəkət etməsinə mane olub", - məlumatda qeyd olunub.