Əhməd Məmmədovun şəhadətinin 30-cu ildönümü münasibətilə anım tədbiri keçirilib

Əhməd Məmmədovun şəhadətinin 30-cu ildönümü münasibətilə anım tədbiri keçirilib

Birinci Qarabağ müharibəsində şəhid olan Məmmədov Əhməd Teymur oğlunun şəhadətə ucalmasının 30-cu ildönümü münasibətilə anım tədbiri keçirilib.

“Birxeber.Az” un yerli bürosu xəbər verir ki, anım tədbiri Sumqayıt şəhərində yerləşən Nəriman Nərimanov adına Mədəniyyət Evində təşkil olunub.

Tədbirdə şəhidin doğmaları və yaxınları ilə yanaşı, millət vəkilləri, Sumqayıt Şəhər İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra şəhid Məmmədov Əhmədin həyat və döyüş yolundan bəhs edən "Şəhid Əhməd: Oğluma məktub" sənədli filminə baxılıb.

Qeyd edək ki, Məmmədov Əhməd Teymur oğlu 1959-cu il aprelin 1-də Cəbrayıl rayonunun Hacılı kəndində doğulub. 1965-ci ildə orta məktəbə gedib, 1975-ci ildə məktəbi bitirib. 1993-cü ildə Cəbrayılın işğalından sonra könüllü olaraq Milli Ordu sıralarına qoşulub. Elə yaşadığı Sumqayıt batalyonuna yazılıb. Orada ona ailəli və üç övladı olması səbəbindən arxa cəbhədə qalmasını təklif ediblər. Lakin, o razılaşmayıb. “Qarabağ kişilər yurdudur və Qarabağı da oranın kişiləri qorumalıdır” deyərək ön cəbhəyə atılıb. Elə həmin il aprel ayının 11-də elə Ağdam rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Əhməd Məmmədov Sumqayıt şəhərində yerləşən Şəhidlər xiyabanında dəfn edilib.