Əbu-Dabidə COP29-la bağlı Qlobal Cənubda iqlim texnologiyalarının tətbiqi müzakirə ediləcək

Əbu-Dabidə COP29-la bağlı Qlobal Cənubda iqlim texnologiyalarının tətbiqi müzakirə ediləcək

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə İnnovasiya Zonası Proqramı (Innovation Zone Program) təşkil olunacaq və bu proqram çərçivəsində Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı Qlobal Cənubda iqlim texnologiyalarının tətbiqi və digər əlaqəli məsələlər müzakirə olunacaq.

"Birxeber.Az" xəbər verir ki, müzakirələr aprelin 16-18-də Əbu-Dabidə keçiriləcək Gələcəyin energetikası üzrə dünya sammiti çərçivəsində aparılacaq.

“Masdar City” ilə birgə təşkil olunan tədbirdə beynəlxalq ictimaiyyət COP28-də əldə edilmiş tərəqqiyə əsaslanarkən kritik iqlim həllərini nümayiş etdirən innovatorlar və ekspertlərin iştirakı ilə bir sıra sənaye müzakirələri keçiriləcək.

Tədbir proqramına Qlobal Cənubda iqlim texnologiyası innovasiyalarının genişləndirilməsi, BƏƏ - iqlim texnologiyaları üçün qlobal mərkəz, davamlı gələcək üçün kiçik və orta müəssisələrin imkanlarının genişləndirilməsi mövzuları daxil olacaq.

Tədbirin birinci günü COP28-in nəticələrinə əsaslanmaqla COP29-a Qlobal Cənub üçün iqlim texnologiyasının mənimsənilməsinin təkmilləşdirilməsinə həsr olunacaq.

İkinci gün BƏƏ-də iqlim texnologiyasının gələcəyini formalaşdıran texnologiyalar və strategiyalar nümayiş olunacaq.

Sonuncu gün isə dayanıqlı gələcək üçün kiçik və orta müəssisələrin imkanlarının genişləndirilməsinə diqqət yetiriləcək.

Həmin gün “Masdar City” bu dinamik bizneslərə “xalis sıfır” karbona doğru irəliləmədə fəal iştirak etməyə və bundan faydalanmağa kömək edə biləcək alətlərə, resurslara və uğur hekayələrinə həsr olunmuş tədbir keçirəcək.