Muxtar Babayev: COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin apardığı siyasətə etimadın təzahürüdür

Muxtar Babayev: COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin apardığı siyasətə etimadın təzahürüdür

COP29-un Azərbaycanda keçirilməsi, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın milli və beynəlxalq səviyyədə apardığı siyasətə, o cümlədən iqlim dəyişikliyi probleminin həllinə töhvə vermək səylərinə beynəlxalq ictimaiyyətin etimadının təzahürüdür.

Birxeber.Az xəbər verir ki, bunu COP29 Sədrliyinin ilk mətbuat konfransında ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.

Azərbaycanın dünya ölkələrinin yekdil dəstəyi ilə COP29-un sədrliyini üzərinə götürdüyünü deyən Muxtar Babayev qeyd edib ki, ölkəmiz COP29-a sədrliyi və ev sahibliyi çərçivəsində iqlim dəyişikliyi mövzusunda qlobal həmrəyliyin gücləndirilməsi istiqamətində davamlı fəaliyyət nümayiş etdirəcək.

Muxtar Babayev yaşıl keçidin Azərbaycanın milli prioritetləri sırasında olduğunu da bildirərək xatırladıb ki, ölkəmiz metan emissiyalarının azaldılması üzrə öhdəliyi dövlətlərin könüllü qəbul etməsini nəzərdə tutan Qlobal Metan Öhdəliyi təşəbbüsünə qoşulub və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılmasını hədəf kimi müəyyənləşdirib. Həmçinin Muxtar Babayev xatırladıb ki, Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib.

Bu gün Azərbaycanın özünün də qlobal dünyanın tərkib hissəsi olaraq iqlim dəyişikliyinin fəsadları ilə üzləşdiyini deyən Muxtar Babayev çaylarımızda və Xəzər dənizində suyun azalması, səhralaşma kimi problemləri vurğulayıb.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai isə deyib ki, vətəndaş cəmiyyəti nümayəndələrinin və özəl sektorun COP29-da iştirakı, onların mühüm qərarların müzakirəsi və qəbuluna cəlb edilməsi olduqca vacib məqamdır:

"Şəhərlər böyüyür, atmosferə atılan emissiyalar da fəlakətli nəticələrə gətirib çıxara bilər. Konfransda bütün bu məqamlar müzakirə olunacaq, həll yolları axtarılacaq".