"Azərbaycan Kredit Bürosu" yeni skorinq xidmətini istifadəyə verib

"Azərbaycan Kredit Bürosu" yeni skorinq xidmətini istifadəyə verib

"Azərbaycan Kredit Bürosu" MMC (Büro) yeni skorinq xidmətini - "FinScore”u tərəfdaşlarının istifadəsinə təqdim edib.

"Birxeber.Az" Büroya istinadən xəbər verir ki, skorinq statistik metodlara əsaslanan, borcalanların krediti ödəmə qabiliyyətinin və maliyyə intizamının müəyyən edilməsinə dəstək olmaqla maliyyə inklüzivliyinin artırılmasına töhfə vermək məqsədilə Büro tərəfindən istifadəyə verilmiş xüsusi riyazi-statistik modeldir.

Yeni xidmətdən istifadə zamanı tərəfdaşlar şəxsin cari skoru ilə yanaşı, skorun formalaşmasına ən çox təsir edən 4 əsas meyarı, habelə şəxsin son 12 aylıq skor tarixçəsini də əldə edəcəklər.

Xidmət Türkiyənin Kredi Kayıt Bürosu (KKB) ilə birgə əməkdaşlıq şəraitində hazırlanıb. Bu zaman Büronun tərəfdaşları olan bankların, bank olmayan kredit təşkilatlarının, nisyə mal alqı-satqısı həyata keçirən təşkilatların və Büronun digər tərəfdaşlarının sahə üzrə nümayəndələri də prosesə cəlb olunub, bir sıra görüşlər keçirilib, onların müvafiq istiqamətdə rəy və təklifləri əldə edilərək layihənin icrasında istifadə edilib.

Yeni modelin proqnozlaşdırma gücü kifayət qədər yüksəkdir (Gini əmsalı - 72,2). Beynəlxalq təcrübədə kredit büro skorlarında 70+ Gini əmsalı ən yüksək göstərici hesab edilir.

Yeni xidmət "Findoc" portalı vasitəsilə vətəndaşların da istifadəsinə təqdim edilib. Hər bir vətəndaş müvafiq portaldan qeydiyyatdan keçərək öz kredit tarixçəsini və skor hesabatını ildə iki dəfə tam ödənişsiz əldə edə bilər. Portal real-vaxt rejimində, 7/24 əsaslarla fəaliyyət göstərir.

Hazırda "Findoc" portalında qeydiyyatdan keçmiş şəxslərin sayı 70 mindən çoxdur.

Findoc portalından məsafədən qeydiyyatdan keçmək üçün https://findoc.az/ linkindən istifadə edilir.