Kamran Bayramov: “İran Cənubi Qafqazın sülh, sabitlik və təhlükəsizliyinə real təhlükə yaradır”
“Azərbaycanın İrandakı səfirliyində törədilmiş xain terror aktı ilə bağlı İran hüquq-mühafizə orqanlarının hədsiz səhlənkarlığı, fəaliyyətsizliyi və İran hakimiyyətinin guya onun məişət xarakterli olmasına dair cəhdlər göstərməsi heç bir məntiqə sığmır”.
Bunu "Birxeber.Az"a açıqlamasında millət vəkili Kamran Bayramov deyib.
“İranın siyasi rejimi uzun müddət ərzində və bu günə kimi mehriban qonşu və dost dövlət maskası altında gizlənərək, Azərbaycana qarşı təxribatlar törədir. O, ölkəmizin daxili işlərinə qarışmağa, sabitliyi və asayişi pozmağa çalışır: təxribat, casus qrupları göndərir və bunu təşviq edir, ölkəsində anti-Azərbaycan əhval-ruhiyyəni qızışdırır”, - o qeyd edib.
Onun sözlərinə görə, molla rejiminin təxminən 30 il ərzində ölkəmizin ərazilərini işğal altında saxlamış, təbii sərvətlərini talamış, həmçinin tarixi, dini və mədəniyyət abidələrini dağıtmış Ermənistana iqtisadi və hərbi dəstək verdiyini unutmaq olmaz: “İranın cinayətkar rejimi beynəlxalq iqtisadi sanksiyalardan, silah və narkotik qaçaqmalçılığından yan keçmək üçün o zaman işğal altında olan nəzarətsiz ərazilərdən istifadə edərək, artıq tarixə qovuşmuş münaqişədən öz mənfəəti üçün istifadə etmişdi”.
Millət vəkili xatırladıb ki, 44 günlük müharibə, Azərbaycanın tarixi qələbəsi, işğal olunmuş ərazilərin azad edilməsi İranın regiondakı mənafelərinə ağır zərbə vurub, onun qanunsuz şəkildə gəlirlər əldə etməsinə son qoyub və İranın artıq heç bir rol oynamadığı geosiyasi vəziyyəti tamamilə dəyişib: “Təsadüfi deyil ki, müharibə başa çatdıqdan sonra İran buna cavab olaraq Azərbaycanla sərhəddə silsilə irimiqyaslı hərbi təlimlər keçirib, bir neçə dəfə Araz çayı üzərindən körpü qurulmasını təsvir edib, dəfələrlə onun rəsmi nümayəndələri hökumət KİV-ləri vasitəsilə Azərbaycana qarşı hədələyici bəyanatlar və ultimatumlar səsləndirib”.
K.Bayramov vurğulayıb ki, rəsmi Tehranın Bakıya qarşı nümayiş etdirdiyi açıq düşmənçilik siyasəti, onun acı və perspektivsiz geosiyasi reallıqları qəbul etmək istəməməsi, şübhəsiz ki, Azərbaycan səfirliyinə qarşı terror aktının törədilməsi üçün münbit zəmin yaratmışdı.
Millət vəkilinin fikrincə, Azərbaycan səfirliyində törədilən terror aktı məişət zəminində baş vermiş cinayətdən çox uzaqdır və bu, görünür, tamamilə yeni, təhlükəli müstəviyə keçən anti-Azərbaycan siyasətinin davamıdır: “Bu cinayət bir daha təsdiq edib ki, İran regionda yaranmış yeni geosiyasi vəziyyətlə barışa və Azərbaycanın dinamik inkişafını, iqtisadi uğurlarını, artan nüfuzunu və əhəmiyyətini qəbul edə bilmir. Nəticədə düşünülmüş cinayətkar təxribatları ilə Cənubi Qafqazın sülh, sabitlik və təhlükəsizliyinə real təhlükə yaradır”.