G7 İranın İsrailə hücumunu pisləyib: Əlavə tədbirlər görməyə hazırıq - YENİLƏNİB

G7 İranın İsrailə hücumunu pisləyib: Əlavə tədbirlər görməyə hazırıq - YENİLƏNİB

Yeddilik Qrupu (G7) ölkələrinin liderləri İranın hücumlarından sonra İsrailə tam həmrəylik və dəstək ifadə ediblər, həmçinin Tehran sabitliyi pozan hərəkətlərini davam etdirəcəyi təqdirdə tədbir görəcəklərini açıqlayıblar.

“Report” xəbər verir ki, bu barədə videokonfrans vasitəsilə keçirilmiş fövqəladə iclasın yekunları üzrə qəbul edilmiş birgə bəyanatda deyilib.

“Biz İrandan və onun əlaltılarından hücumlarını dayandırmağı tələb edirik və biz indi və gələcəkdə sabitliyi pozan təşəbbüslərə cavab olaraq əlavə tədbirlər görməyə hazırıq”, – sənəddə vurğulanıb.

20:18

Yeddilik Qrupu (G7) ölkələri İranın İsrailə hücumunu pisləyib və tərəfləri təmkinli olmağa çağırıb.

“Report” xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel G7-nin iclasının yekunlarına dair açıqlama verib.

“G7 ölkələrinin liderləri ilə birlikdə biz yekdilliklə İranın İsrailə misli görünməmiş hücumunu pislədik. Bütün tərəflər təmkinli davranmalıdır”, – Mişel sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, G7 gərginliyi azaltmaq üçün bütün səyləri davam etdirəcək:

“Qəzza zolağında böhrana mümkün qədər tez son qoyulması – xüsusən də dərhal atəşkəs yolu ilə – fərq yaradacaq”, – o qeyd edib.

“Yaxın Şərqdəki vəziyyət, o cümlədən Livan gələn həftə Avropa Şurasında müzakirə olunacaq”, – Mişel əlavə edib.