Deputat: Faktiki Üçüncü Dünya müharibəsi başlayıb, Azərbaycan sabitlik adasıdır

Deputat: Faktiki Üçüncü Dünya müharibəsi başlayıb, Azərbaycan sabitlik adasıdır

İran və İsrail arasında son günlər artan gərginlik, xüsusən ötən gecə İranın dron və raket hücumları göstərir ki, faktiki olaraq Üçüncü Dünya müharibəsi başlayıb.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Deputat deyib ki, ənənəvi müttəfiqliklərin özünü doğrultmaması, yaxud müttəfiqlərin müxtəlif istiqamətlərdə fərqli gərginlik ocaqlarında başının qarışması geosiyasi arxitektura barədə əvvəlki dönəmlərin təcrübəsinə əsaslanan proqnozlar yürütməyi mümkünsüz edir: “Lakin dəyişməyən bir reallıq var ki, dünyanın bölünməsi və ayırıcı xətlərin daha da dərinləşməsi prosesi sürətlə davam edir. Bu prosesdə yeni münaqişə ocaqlarının yaradılması niyyəti çox aydın sezilir və bu mənada, özlüyündə mürəkkəb bölgə olan Cənubi Qafqaz xüsusən Qərb tərəfindən hədəfə alınıb. Kollektiv Qərbin regionumuzu gərginlik ocağına çevirmək niyyəti qarşısında əsas sədd kimi isə Azərbaycan Respublikası çıxış edir və Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılan hərbi-siyasi qələbələr, hələ ki, Cənubi Qafqazı qütblərin toqquşma platformasına çevrilməyə imkan vermir. Lakin ABŞ, Avropa İttifaqı və Ermənistanın 5 aprel sammiti göstərdi ki, Qərb bu təcavüzkar planlarından əl çəkməyib və bəzi region dövlətləri də bu prosesin tərkib hissəsi kimi davranmaqdadır. Məsələn aydındır ki, Ermənistan Cənubi Qafqazda yeni münaqişənin alovlanması prosesində Qərbin əsas aləti rolunu oynayır. Azərbaycan, Türkiyə və Rusiyanın 5 aprel görüşünə reaksiyası fonunda İranın susqunluğu isə deməyə əsas verir ki, Tehran özü regionda gərginliyin artmasında maraqlıdır. Əlbəttə, yuxarıda qeyd etdiyimiz kimi, hazırkı situasiyada hadisələri lazımi formada proqnozlaşdırmaq mümkün deyil, lakin 2022-ci ilin 12 yanvar tarixində yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev açıq şəkildə bildirmişdi ki, “biz istənilən varianta tam hazırıq. Əgər dünya ənənəvi yollarla inkişaf etməyə davam etsə, - halbuki, mən buna inanmıram, - hazırıq. Əgər dünya, beynəlxalq arxitektura tamamilə çöksə, biz buna hazırıq ki, özümüz öz gücümüzə əsaslanaraq istənilən vəzifəni istənilən yerdə yerinə yetirək”.

Bəhruz Məhərrəmov qeyd edib ki, artıq hadisələr Azərbaycanın şimal və cənub qonşularının iştirakı ilə, bilavasitə sərhədlərimizdə baş verir: “Bu mənada Azərbaycan Respublikası situasiyanı təbii ki, çox diqqətlə müşahidə edir və yeni ayırıcı xətlərin hərbi zəmində Azərbaycan-Ermənistan şərti sərhədlərinə daşınmaması üçün bütün zəruri addımlar atılır. Bu məsələdə nə qədər ikinci plana keçsə belə, beynəlxalq hüquq da, ötən dövrdə sərgilədiyi hərbi-siyasi performans da, ən əsası isə səmimi sülh niyyəti də gərginliyi artırmaq məqsədilə Azərbaycana yönəli ittihamları heçə endirir. Yəni Azərbaycan Prezidentinin 2022-ci il 15 iyul tarixli müşavirədə dediyi kimi, “Biz müharibə istəmirik, heç vaxt da istəməmişik. Nəyi etmişiksə, Azərbaycan ərazisində etmişik, özü də elə etmişik ki, hər kəs bizim hərbi əməliyyatımıza həsəd apara bilər”. Eyni zamanda bu gün xalq-iqtidar birliyi, dövlətimizin iqtisadi-siyasi müstəqilliyi, enerji müstəqilliyi, ələlxüsus Qarabağ Zəfərindən sonra artan imkanları Bakıya bölgədə öz gündəliyini diqtə etməyə, regionda həyata keçirilməsinə cəhd olunan təcavüzkar planlara qarşı qəti mövqe sərgiləməyə, nəticədə, Azərbaycana regionda sabitləşdirici faktor kimi çıxış etməyə imkan verir. Təsadüfi deyil ki, möhtərəm Prezidentin ötən il mayın 10-da Şuşadan müraciətində qeyd etdiyi kimi, "Dünyanın hər bir yerində müharibələr, toqquşmalar, qarşıdurmalar hökm sürür, hər gün biz bunu görürük. Azərbaycan sabitlik adasıdır, təhlükəsizlik adasıdır. Bu da böyük sərvətdir və Azərbaycan xalqı bunu yaxşı bilir".