Nazirlik rəsmisi: "Hepatit A xroniki qaraciyər xəstəliyinə səbəb olmur"

Nazirlik rəsmisi: "Hepatit A xroniki qaraciyər xəstəliyinə səbəb olmur"

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov Hepatit B və C-dən fərqli olaraq Hepatit A virusunun xroniki qaraciyər xəstəliyinə səbəb olmadığını deyib.

“Birxeber.Az”un məlumatına görə, o xatırladıb ki, Hepatit A (infeksion sarılıq və ya Botkin xəstəliyi) qaraciyərin virus xəstəliyidir.

Həkimin sözlərinə görə, bu, qaraciyərdə kəskin iltihab yaradaraq, öz-özünə sağalan, qaraciyərdə xəsarət yaratmayan xəstəlikdir: "Hepatit B və C-dən fərqli olaraq Hepatit A xroniki qaraciyər xəstəliyinə səbəb olmur. Uzun illərdi ki, bu virus mövcuddur, tam öyrənilib və hətta ona qarşı vaksin var. Yoluxma bəzi gigiyena qaydalarının pozulması nəticəsində yaranır və yayılmasına səbəb olur. Hepatit A virusunun əsasən fekal-oral yolu ilə sayəsində ötürülür. Bu zaman şəxs öz fekaliya (nəcis ifrazatı) və çirklənmiş əli ilə infeksiyanı ətrafa yayır. Beləliklə, xəstə şəxslə əl kontaktı və ya yoluxan şəxs ətrafda olan ağıza düşə biləcək nəyə toxunubsa (qida, su), digərlərini asanlıqla yoluxdura bilər".

"Meyvə və tərəvəzlər yuyulmadığı təqdirdə virusa yoluxma ehtimalı xüsusilə yüksəkdir. Çünki virus soyuğa, istiyə, hətta mədənin qatı turş mühitinə davamlıdır. Lakin suyu qaynamaqla onu tamamilə məhv etmək olar. Hepatit A virusu orqanizmə həzm sistemi vasitəsilə daxil ola bilər. Digər qan və ya cinsi yoluxma da mümkündür. Lakin bu hallar daha az rast gəlinir və kütləvi yoluxmalara səbəb olmur", - mütəxəssis vurğulayıb.

Virusa yoluxan insanda gizli periodun olduğuna diqqət çəkən nazirlik rəsmisi əlavə edib ki, inkubasiya müddəti ortalama 2-4 həftə davam edir: "Xəstəlik insanda halsızlıq, tez yorulma, əzələlərdə ağrı, iştahsızlıq, qusma, mədə ağrısı, ishal əlamətləri ilə özünü göstərir. Bu dövr ən çox yoluxdurucu olduğu dönəmdir. Daha sonra sarılıq dəridə qaşınma əlamətləri ilə üzə çıxır və xəstənin daha öncəki əlamətlərində rahatlama müşahidə edilir. Sarılıq baş verdikdən sonra qaraciyərin əvvəlki səviyyəyə qayıtması 5 aya qədər çəkə bilər. Xüsusilə 5-14 yaş qrupu uşaqlar Hepatit A virusuna daha çox yoluxur. Xüsusi müalicəsi üsulu və spesifik bir antivirus preparatı yoxdur. Yalnız simptomatik dərmanlar və infuziyalar tövsiyə edilə bilər. Hepatit A xəstələrinə çox dərman istifadəsi məqsədəuyğun deyil. Vaksinasiya Hepatit A virusunun spesifik profilaktika üsuludur. İki doz peyvənd alaraq, bu xəstəlikdən tam qorunmaq mümkündür".