Azərbaycan cüdoçusu: "Olimpiadada hər çəkidə medal qazana bilərik"

Azərbaycan cüdoçusu: "Olimpiadada hər çəkidə medal qazana bilərik"

"Komandamız çox güclüdür. İnanıram ki, olimpiadada hər çəkidə yaxşı güləşib medal qazana bilərik. Ümid edirəm ki, bu il olimpiya çempionumuz da olacaq".

Bunu "Report"a açıqlamasında Azərbaycan cüdoçusu Yaşar Nəcəfov (66 kq) deyib.

Portuqaliyanın Odivelaş şəhərində keçirilən Qran-pridə gümüş medal əldə edən idmançı yarışla bağlı danışıb: "2024-cü ilə medalla başlamağım yaxşı oldu. Həm motivasiyam çoxaldı, həm də reytinq xallarımı artırdım".

Olimpiya reytinqində 2842 xalla 7-ci sırada qərarlaşan Nəcəfov özünü Azərbaycan yığmasında 66 kq çəki dərəcəsinin lideri hesab etmədiyini söyləyib: "Bu, bir az böyük səslənir. Bizim komandada lider yoxdur. Hər an hər şey ola bilər".

Cüdoçu 2024-cü ildə üç vacib turnirdə medal qazanmağı hədəflədiyini vurğulayıb: "Avropa və dünya çempionatında, həmçinin Parisdəki Yay Olimpiya Oyunlarında mükafatçılar sırasına düşmək istəyirəm".