Deputat: Azərbaycanın mürəkkəb mərhələdə ərazi bütövlüyünü təmin etməsi mühüm hadisədir

Deputat: Azərbaycanın mürəkkəb mərhələdə ərazi bütövlüyünü təmin etməsi mühüm hadisədir

Azərbaycanın mürəkkəb mərhələdə ərazi bütövlüyünü təmin etməsi mühüm hadisədir.

Bunu Birxeber.Az-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Deputat deyib ki, hazırda beynəlxalq münasibətlər sistemi mövcud olduğu vaxtdan bəri özünün ən mürəkkəb və təhlükəli dövrlərindən birini yaşayır: “Bu məsələni təkcə hərbi – texniki tərəqqinin inkişafı ilə əlaqələndirməyə çalışsaq görəcəyik ki, dövlətlər heç vaxt indiki qədər dağıdıcı və kütləvi qırğın silahlarına malik olmayıblar. Üstəlik də qloballaşma milli dövlətlər üzərində elə bir təzyiq yaradıb ki, milli dövlətlərin müstəqil qərar qəbul edə bilməsi müşkül bir məsələyə çevrilib. Hazırda yeni dünya nizamının formalaşması prosesi kimi izah edilən keçid mərhələsində gələcək yüzilliyin təhlükəsizlik problemi və təminatlılığı məsələsi həll edilir. Bu isə dünyada daha çox söz sahibi olmaq istəyən güc mərkəzləri arasında olduqca təhlükəli maraqlar toqquşması yaradır. Ona görə də Azərbaycan belə bir mürəkkəb tarixi mərhələdə öz ərazi bütövlüyünü təmin etməsi sözün əsl mənasında çox mühüm bir hadisədir. Çünki siyasi müstəqillik, milli iradənin təntənəsi yuxarıda sadaladığımız paradiqmalar kontekstində olduqca mürəkkəb bir vəzifədir. Ancaq Azərbaycan buna nail olmağı bacardı. Məsələnin ikinci mühüm tərəfi isə ondan ibarətdir ki, Azərbaycan adətən müharibələrdən sonra yaşanan klassik postmüharibə sindromlarından yayına bildi. Nə iqtisadi tənəzzül, nə ərzaq qıtlığı, nə də milli valyutamızın inflyasiyası baş vermədi. Tam əksinə, Böyük Qayıdışla bağlı həyata keçirilən irimiqyaslı layihələr öz tarixi missiyası ilə bərabər iqtisadi münasibətlər sistemimizə də yeni dinamika gətirdi. Heç şübhəsiz ki, bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi komplementar daxili və xarici siyasətin məntiqi nəticəsində baş turudu”.

Hikmət Babaoğlu qeyd edib ki, hazırda qonşu ölkələrdə baş verən müharibələr nəticəsində insanların öz vətənini tərk etmək məcburiyyətində qalmasından tutmuş ən adi ərzaq məhsullarının, məsələn, yumurtanın qıtlığına qədər ən müxtəlif problemlər yaşanmaqdadır: “Bu gün Ukrayna kimi böyük və güclü dövlət öz milli maraqlarını qorumaq üçün adi silah və sursatla ordusunu təmin etməkdə çətinlik çəkir. Bu isə canlı qüvvənin faciəvi şəkildə kütləvi itkisi ilə nəticələnir. Ancaq Azərbaycan elə bir müharibə aparmağı bacardı ki, işğal altında olan torpaqlarımızın coğrafi baxımdan ən çətin olan ərazilərini bir güllə atmadan, döyüşsüz qaytarmağa müvəffəq oldu. Nəticədə minlərlə gəncimiz həyatını itirmək təhlükəsindən uzaq oldu. Hamıya aydındır ki, müharibəni başlamaq nə qədər çətindirsə, onu uğurlu şəkildə idarə edərək sona çatdırmaq daha çətindir. Bu gün Şimali Afrika, Yaxın Şərq dövlətləri arasında gedən müharibələr bitmək bilmir. İsrail-İran müharibəsi müxtəlif aktiv və passiv fazalarda illərdir ki, davam edir. Cəmisi üç gün davam edəcəyi proqnozlaşdırılan Rusiya – Ukrayna müharibəsi iki ildən çoxdur ki, davam edir. Ancaq Azərbaycan cəmisi 44 gün ərzində dünyanın ən mürəkkəb geostrateji məkanlarının birində Fransadan, Rusiyadan, İrandan tutmuş ABŞ və Kanadaya qədər böyük hərbi-siyasi güc mərkəzlərinin müdaxil olmaq istədiyi müharibəni öz tarixi qələbəsi ilə yekunlaşdırmağı bacardı. Üstəlik, 100 il bundan əvvəl yaradılaraq milli dövlətçiliyimizin təməllərinin altına yerləşdirilən separatçılıq yuvasını birdəfəlik və həmişəlik yox etməyi bacardı. Hazırda isə bütün bu mürəkkəb hərbi-siyasi proseslər kontekstində dünyada nadir olan ən təhlükəsiz məkanlardan biri kimi milli inkişafımızla bağlı tarixi layihələr və proqramlar həyata keçirir. Bütün bunlar isə yeni tarixi mərhələdə yeni milli ideya və vəzifələrimiz üçün əsaslı təməl yaradır”.