İsrail ordusu: İranın buraxdığı PUA-ların heç biri İsrail sərhədlərinə çatmayıb

İsrail ordusu: İranın buraxdığı PUA-ların heç biri İsrail sərhədlərinə çatmayıb

İsrail Müdafiə Qüvvələri (IDF) yəhudi dövlətinə doğru uçan 300-ə yaxın İran mərmisinin 99%-ni zərərsizləşdirib.

“Report”un məlumatına görə, bu barədə İsrail ordusunun sözçüsü Daniel Haqariyə istinadən “The Times of Israel” qəzeti yazıb.

Onun sözlərinə görə, İran İsrailə doğru 170 pilotsuz uçuş aparatı buraxıb, onların heç biri İsrail sərhədlərinə çatmayıb.

“Onlar müttəfiqləri ilə birlikdə İsrail hərbçiləri tərəfindən vurulub. Bundan əlavə, İran İsrailə 30 qanadlı raket atıb və İsrail ordusu onlardan 25-nin qarşısını ala bilib”.

Haqari həmçinin İranın İsrailə 120 ballistik raket atdığını bildirib. Onlardan bəziləri İsrailin raketdən müdafiə sistemini aşaraq Nevatim aviabazasına uçub. Ordu sözçüsü bildirib ki, bazaya cüzi ziyan dəyib.

“Pilotsuz uçuş aparatlarının və raketlərin bəziləri İraq və Yəməndən İsrailə atılıb, lakin onlar yəhudi dövlətinin hava məkanına keçməyib”.