Pskov vilayətində Qələbə Paradı ləğv edilib

Pskov vilayətində Qələbə Paradı ləğv edilib

Rusiyanın Pskov vilayətində mayın 9-da parad olmayacaq.

“Report” Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu vilayətin qubernatoru Mixail Vedernikov bildirib.

Onun sözlərinə görə, qərar təhlükəsizlik qüvvələrinin mövqeyi nəzərə alınaraq qəbul edilib. Bu mövzu bu gün, aprelin 13-də Qələbə Gününün qeyd edilməsinə hazırlıq üzrə təşkilat komitəsinin iclasında müzakirə olunub.

“Biz bağlı qapılar arxasında hüquq-mühafizə blokunun mövqeyini eşitdik. Qərara gəldik ki, bu il ən kütləvi tədbirlərdən (xüsusən də paraddan) imtina etmək məsləhətdir. Eyni zamanda, bütün yaşda olan sakinlər üçün daha kiçik formatlarda fəaliyyətlər təmin ediləcək”, - deyə Vedernikov Telegram-da yazıb.

Qeyd edək ki, qərar Rusiyanın Ukraynadakı hərbi əməliyyatı fonunda qəbul edilib. Rusiya regionları vaxtaşırı İHA hücumlarına məruz qalır və orada təhlükəsizlik tədbirləri gücləndirilib. Sonuncu dəfə yanvarın 31-də Pskov vilayəti üzərində pilotsuz təyyarə vurulub, heç kim xəsarət almayıb.