Deputat: Azərbaycana investisiya qoyuluşu yaxın gələcəkdə daha da artacaq

Deputat: Azərbaycana investisiya qoyuluşu yaxın gələcəkdə daha da artacaq

Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycanı dünyanın yeddi ən cəlbedici investisiya ölkəsi sırasında bəyan etməsi təqdirəlayiqdir.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Müşfiq Cəfərov bildirib.

Müşfiq Cəfərov deyib ki, Azərbaycan BVF-yə 1992-ci ilin 18 sentyabr tarixində üzv olub. BVF ölkə haqqında valyuta siyasətinin təhlilini aparmaq məqsədi ilə hər il Azərbaycana missiya təşkil edir. BVF tərəfindən Azərbaycanla bağlı yoxsulluğun azaldılması və iqtisadi inkişaf, struktur quruculuğunun artırılması, sistem dəyişikliyi və əlavə maliyyələşmə ilə bağlı proqramlar həyata keçirilib.

Parlamentin Aqrar siyasət komitəsinin üzvü qeyd edib ki, BVF Azərbaycanı dünyanın yeddi ən cəlbedici investisiya ölkəsi kimi bəyan etməsi gözlənilən idi: “Aparılan uğurlu kurs sayəsində Azərbaycanda makroiqtisadi sabitlik təmin olunub. Azərbaycan buna dünyada makroiqtisadi problemlər, devalivasiyanın müşahidə olunduğu bir dönəmdə nail olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən iqtisadi siyasət sayəsində artıq inflyasiya ilə mübarizədə də qarşıya qoyulan məqsədlərə nail olunur. Eyni zamana Azərbaycan xarici ticarətdə qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır, iqtisadi əməkdaşlığa xüsusi diqqət yetirir. Dövlət başçısı ölkədə sahibkarlığın inkişafı istiqamətində davamlı addımlar atır, dövlət proqramları həyata keçirilir, müvafiq fərman və sərəncamlar imzalanır. Hökumətin investisiya layihələrinə, o cümlədən infrastrukturun yeniləşdirilməsinə xüsusi diqqət yetirməsi sahibkarlığın inkişafı üçün əlverişli mühit formalaşdırır. Bir sözlə , ölkədə əlverişli biznes və investisiya mühitinin formalaşdırılması istiqamətindən ardıcıl və sistemli tədbirlər göz önündədir. Bütün bunlar isə son nəticədə Azərbaycanın dünyada etibarlı iqtisadi tərəfdaş kimi tanınmasını və ölkəmizin investisiya qoyuluşu üçün investorlar üçün cəlbedici ölkə kimi qiymətləndirilməsini şərtləndirir. Buna görə də BVF Azərbaycanı dünyanın ən cəlbedici investisiya ölkələrindən biri kimi bəyan etməsi təsadüfi deyil. Bu da son nəticədə Azərbaycana xaricdən investisiya qoyuluşunun yaxın gələcəkdə daha da artacağından xəbər verir”.