“Xocavənd əməliyyatı”nda şəhid olan kəşfiyyatçıların ailə üzvləri Şuşaya səfər edib

“Xocavənd əməliyyatı”nda şəhid olan kəşfiyyatçıların ailə üzvləri Şuşaya səfər edib

“Xocavənd əməliyyatı”nda (1997-ci il) şəhid olan kəşfiyyatçıların ailə üzvləri Şuşaya səfər ediblər.

Bu barədə “Birxeber.Az”un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir.

Onlar İsa bulağında və şəhərin digər yerlərində olublar.

Daha sonra isə şəhid ailələrinin Xankəndi şəhərinə səfəri nəzərdə tutulur.

Qeyd edək ki, 1997-ci ilin aprelində Azərbaycan Ordusunun iki kəşfiyyat qrupu o dövrdə işğalda olan Xocavənd istiqamətində düşmən arxasına sızaraq döyüş tapşırığını şərəflə yerinə yetirib. Qruplardan birincisi itkisiz qayıdıb. Digər 8 nəfərdən ibarət qrup isə geri qayıdarkən mühasirəyə düşüb. Azərbaycan kəşfiyyatçıları təslim olmaq haqqında düşmənin tələblərini qəti rədd edib və ağır döyüş başlayıb. Az sayda qrup əsl qəhrəmanlıq nümayiş etdirib, güclü müqavimət göstərib.

Ağır döyüş əsnasında yaralanmış qrup üzvü çavuş Aqil Əhmədovun artıq öldürüldüyünü zənn edən digər 7 nəfər sursatlarının bitdiyini görüb düşmən əlinə keçməmək üçün qrup şəklində bir yerə yığışaraq özlərini əl qumbarası ilə partladaraq şəhidliyə ucalıblar.

Onlar - qrupun komandiri leytenant Elxan Ağayev, qrup üzvləri - leytenant Vüqar Yarəhmədov, çavuşlar - Anar Rzayev, Dinar Mustafayev, Aqşin Həsənov, Nizami Ələkbərov, Fariz Cavadovdur.

Əməliyyat zamanı şəhid olmuş hərbçilərin nəşləri Ulu Öndər Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində 6 aydan sonra geri alınıb. Onlar Bakıda İkinci Fəxri xiyabanda dəfn olunub və hər biri ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Ulu Öndər huşsuz vəziyyətdə əsir düşmüş qrup üzvü, Ermənistanın barəsində ölüm hökmü çıxardığı çavuş Aqil Əhmədovu da iki illik əsirlik həyatından xilas edib.

Foto: Firudin Səlimov