Azərbaycan millisinin qapıçısı Bakıda təşkil olunan toplanışı dəyərləndirib

Azərbaycan millisinin qapıçısı Bakıda təşkil olunan toplanışı dəyərləndirib

Təlim-məşq toplanışının əsas məqsədi oyunçularımızın fiziki və taktiki durumunu yaxşılaşdırmaqdır.

Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bunu millinin qapıçısı Emin Kürdov deyib.

Qolkiper Bakıda təşkil olunan təlim-məşq toplanışı barədə danışıb: “Aprelin 8-dən hazırlığa başlamışıq. Toplanışa cəlb olunan futzalçıların əksəriyyəti gənclərdir. Futzalımız yeni eranın başlanğıcındadır, heyətdə debüt edənlər var. Həmin futzalçıların oyun praktikası az olsa da, hər biri gələcək vəd edir”.

40 yaşlı futzalçı millinin Gürcüstanla keçirəcəyi yoxlama oyunu barədə də fikirlərini bölüşüb: “Düşünürəm ki, belə matçlarda nəticə önəmli olmur, əsas praktikadır. Çalışacağıq ki, həmin oyunlardan maksimum yararlanaq, təcrübəmizi artıraq. Qarşıda bizi Avropa çempionatının görüşləri gözləyir. Çalışacağıq ki, həmin matçlara qədər komanda tam gücünü bərpa etsin”.

Qeyd edək ki, Azərbaycan millisi aprelin 14-də və 16-da Tbilisidə Gürcüstan yığması ilə iki yoldaşlıq görüşü keçirəcək.