“Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir - VİDEO

“Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir - VİDEO

Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC işğaldan azad edilən bütün ərazilərdə olduğu kimi coğrafi relyefinə görə mürəkkəb quruluşa malik Kəlbəcərdə də yenidənqurma işlərini davam etdirir. Yaz aylarında belə qarın ərimədiyi yüksəkliklərdə elektrik təsərrüfatı yenidən qurulur.

APA-Economics” xəbər verir ki, hazırda Kəlbəcər rayonu ərazisində 35 kV-luq elektrik xətlərinin çəkilişi sürətlə aparılır. İstisu, Zod, Zar, Zəylik və Yellicə istiqamətində yenidənqurma işləri başa çatıb. Ağqaya, Qamışlı və Mərcimək istiqamətində isə elektrik təsərrüfatının yenilənməsi işləri davam etdirilir. Qeyd edilən kəndlərdə yeni metal dayaqlar basdırılır və müasir tipli, izolyasiyalı kabel xətləri çəkilir.

Yenidənqurma işləri çərçivəsində Kəlbəcər rayonu İstisu qəsəbəsində yerləşən 110/35 kv-luq yarımstansiyanın tikinti işləri və 110/35/10 kV-luq "Kəlbəcər" yarımstansiyasından çıxan 110 kV-luq hava xəttinin Kəlbəcərdən İstisuya qədər olan hissəsinin çəkilişi davam etdirilir. Həmçinin, Kəlbəcər şəhəri ərazisində yeni 35/0,4 kV-luq yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzinin tikinti işləri başa çatıb. Ümumilikdə, görülən işlərin yekununda Kəlbəcərlə Laçın rayonlarının elektrik şəbəkələrini biləşdirən dairəvi elektrik təchizat sxemi yaradılacaq.

“Azərişıq” ASC işğaldan azad edilən ərazilərlə yanaşı ölkənin bütün regionlarında, bəzi kənd və qəsəbələrdə elektrik şəbəkələrinin yenilənməsi prosesini paralel şəkildə davam etdirir.