Rövşən Hüseynli: Məqsədim öz oyunumla Azərbaycan futzalının adını yüksəklərə daşımaqdır

Rövşən Hüseynli: Məqsədim öz oyunumla Azərbaycan futzalının adını yüksəklərə daşımaqdır

2022/2023 mövsümündə Qazaxıstan çempionatının ən yaxşı 5 qapıçısı arasında yer almışdım. Məqsədim öz oyunumla Azərbaycan futzalının adını yüksəklərə daşımaqdır.

Bunu “Report”a açıqlamasında futzal üzrə Azərbaycan millisinin və Qazaxsıtanın “Atırau” klubunun qapıçısı Rövşən Hüseynli deyib.

Təcrübəli qolkiper "Atırau"nun qarşısına qoyulan minimum vəzifənin Çempionlar Liqasına vəsiqə qazanmaq olduğunu bildirib: “Mövsümün başa çatmasına 3 tur qalsa da, biz pley-off mərhələsinə vəsiqəni təmin etmişik. Lakin hədəfimiz qarşıdakı oyunlarda da qələbə qazanıb, mövsümü 2-ci sırada bitirməkdir. Belə olan halda komanda birbaşa yarımfinala vəsiqə əldə edəcək. Çempionatı 4-6-cı sıralarda bitirən kollektivlər isə 1/ 4 final mərəhləsindən başlayacaq”.

Hazırda Azərbaycan millisinin düşərgəsində yer alan R.Hüseynli Bakıda təşkil olunan təlim-məşq toplanışını da dəyərləndirib: “Aprelin 8-dən təlim-məşq toplanışı çərçivəsində Bakıda toplaşmışıq. Hazırlıq prossesinə sırf yerli futzalçılar cəlb olunub. Qarşıda bizi Gürcüstan millisi ilə yoldaşlıq görüşü gözləyir. Məqsəd bu oyun üçün heyəti formalaşdırmaq və qələbə qazanmaqdır”.

Qeyd edək ki, Azərbaycan millisi aprelin 14-də və 16-da Tbilisidə Gürcüstan yığması ilə iki yoldaşlıq görüşü keçirəcək.