Gəncədə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi ehtiramla yad edilib - FOTO

Gəncədə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi ehtiramla yad edilib - FOTO

Gəncə şəhərində 20 Yanvar faciəsində Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həlak olan şəhidlərin xatirəsi yad edilib.

Birxeber.Az-nın bölgə müxbirinin xəbərinə görə, anım mərasimi şəhərin Şəhidlər xiyabanında təşkil olunub.

Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, general-mayor Vasif Kazımov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki vitse-konsulu Şota Doridze, QMİ Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov, məhkəmə sədrləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, universitet rektorları, şəhərdə fəaliyyət göstərən dini konfesiyaların rəhbərləri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri və sakinlər iştirak ediblər.

Əvvəlcə rəsmilər Azərbaycanın ərazi bütövlüyü uğrunda itkin düşmüş hərbçilərin adları əks olunan abidəni ziyarət edib, gül dəstələri düzüblər. Daha sonra Niyazi Bayramov və Vasif Kazımov "Əbədi məşəl" abidəsi önünə əklil qoyublar.

Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Aparıcı tərəfindən 20 Yanvar faciəsi ilə bağlı məlumat verilib. Daha sonra din xadimi şəhidlərin ruhuna dualar oxuyub.

Saat 12:00-da Gəncə şəhərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, N.Gəncəvi və H.Əliyev, həmçinin H.Əliyev və Ş.İ.Xətai prospektlərinin kəsişməsində nəqliyyatın hərəkəti dayanıb, avtomobillər vasitəsilə səs siqnalları verilib.

Mərasimdən sonra Niyazi Bayamov rəsmilərlə birgə Gəncənin 20 Yanvar şəhidi Valeri Boqdanovun, o cümlədən Vətən uğrunda canlarını fəda edən digər şəhidlərin məzarlarını ziyarət edib, önünə gül dəstələri düzüb.

Əlavə olaraq onu da qeyd edək ki, Gəncədəki Şah Abbas Cümə Məscidində, Aleksandr Nevski Rus Pravoslav Kilsəsində və Yəhudi Dini İcmasında 20 Yanvar şəhidlərinin ruhuna dualar oxunub. Bununla yanaşı, şəhərin Ş.İ.Xətai prospektində yerləşən “20 Yanvar” abidəsi də ziyarət olunub.

Xatırladaq ki, Qanlı Yanvar hadisələrindən 34 il ötür. 1990-cı ilin 20 Yanvar tarixi Azərbaycan xalqının milli yaddaşına yalnız faciə kimi deyil, həm də qəhrəmanlıq, rəşadət salnaməsi kimi yazılıb. Ölkəmizin ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüzə etiraz edən, azadlıq, müstəqillik uğrunda mübarizə aparan Azərbaycan xalqına qarşı misli görülməmiş amansızlıqlar edilib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Qoşunların qanunsuz yeridilməsi nəticəsində ümumilikdə Respublikada 147 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilib. 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Qanlı Yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına təsir göstərdi. Faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrildi, dönməz xarakter aldı, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda gördü. 20 Yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi tarixə düşdü.