Suriya məsələsi ilə bağlı Astana sammiti Rusiyada keçiriləcək

Suriya məsələsi ilə bağlı Astana sammiti Rusiyada keçiriləcək

Rusiya Suriya nizamlanması ilə bağlı növbəti Astana formatında sammiti öz ərazisində keçirəcək.

Birxeber.Az-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev deyib.

“Növbəti sammitə ev sahibliyi edəcək ölkə Rusiya olacaq. Onun keçirilməsinə vaxt ayrılmalıdır”, - deyə rusiyalı diplomat vurğulayıb.

Lavrentyevin sözlərinə görə, yeni sammitin keçirilməsi ilə bağlı qərar 2022-ci ildə verilib:

“2023-cü ilin sonunda belə bir görüşün keçirilməsi üçün müəyyən ilkin şərtlər var idi, lakin Qəzza zolağı ətrafındakı vəziyyət hər şeyi qarışdırdı. Ən yüksək səviyyədə operativ müdaxiləni tələb edən digər məsələlər də ortaya çıxdı”.

Diplomat əlavə edib ki, hər şey Rusiya Prezidenti Vladimir Putinin qrafikindən asılı olacaq:

“Qrafik çox sıxdır, prezident bir çox tədbirlərdə iştirak edir. Bəzən Rusiya Prezidentinin qrafikində hətta üç saat tapmaq belə çətindir. Bunları İran və Türkiyə prezidentlərinin qrafiki ilə də əlaqələndirmək lazımdır”.

Qeyd edək ki, Suriyada siyasi nizamlamanın Astana formatının təşəbbüskarları Suriya münaqişəsinin sülh yolu ilə həllinin təminatçısı kimi çıxış edən Rusiya, Türkiyə və İran olub, danışıqlara rəsmi Dəməşqin nümayəndələri və Suriya müxalifətinin nümayəndə heyətləri cəlb olunub. Danışıqlar 2017-ci ilin yanvarında Astanada başlayıb və buna görə də format “Astana prosesi” adlandırılıb.