Overçuk: Qırmızı dənizdəki vəziyyət Şimal-Cənub dəhlizinin əhəmiyyətini artıracaq

Overçuk: Qırmızı dənizdəki vəziyyət Şimal-Cənub dəhlizinin əhəmiyyətini artıracaq

Qırmızı dənizdəki qeyri-sabitliyi nəzərə alsaq, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyəti artacaq.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk "Ekspert" jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafına əsas diqqət yetirilir:

"Şimal-Cənub dəhlizi ən qısa marşrutdur və bütün yol boyunca bizə dost olan ölkələrin ərazilərindən keçir. Hazırda Qırmızı dəniz regionunda müşahidə olunanları nəzərə alsaq, Şimal-Cənub qlobal əhəmiyyət kəsb edəcək və Avropanı daha rahat şərtlərlə yüklə təmin edəcək”.

Rusiya baş nazirinin müavini xatırladıb ki, Rusiya Federasiyası Qazaxıstan, İran və Türkmənistanla birlikdə 2022-ci ildə Hind okeanının limanlarına çıxışı olan müntəzəm dəmir yolu xidmətlərini tətbiq edib. Onun sözlərinə görə, İranda Rəşt-Astara dəmir yolunun tamalanmayan mətəqəsinin tikintisinə başlamaq üçün hazırlıq işləri aparılır.

Overçuk qeyd edib ki, Rusiya Federasiyası Aİİ-də qonşuları ilə sıx əməkdaşlıq şəraitində inkişafa səy göstərir.

"2022-ci ilin avqustunda Avrasiya Hökumətlərarası Şurasının sərəncamı ilə nəqliyyat sahəsində prioritet inteqrasiya infrastruktur layihələrinin siyahısı təsdiq edilib. Bu siyahıda prioritet inteqrasiya layihələri statusuna malik avtomobil yolları müəyyən edilib. Gözlənilir ki, fevralın əvvəlində bu siyahı Qazaxıstan Respublikasından iki layihə və Qırğız Respublikasından iki layihə ilə tamamlanacaq”.

Rusiya baş nazirinin müavini əlavə edib ki, Avrasiya İqtisadi Komissiyası Rusiyanın inteqrasiya layihəsini Çinin “Bir kəmər, bir yol” təşəbbüsü ilə əlaqələndirməyə çalışır.

“Biz avtomobil və dəmir yollarını inkişaf etdirməyi və ya Monqolustan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Azərbaycan, Ermənistan və İranda müvafiq layihələrdə iştirak etməyi planlaşdırırıq. Biz Trans-Əfqan dəmir yolunun tikintisində, həmçinin Asiya və Afrika ölkələri ilə dəniz əlaqələrini inkişaf etdirməkdə maraqlıyıq. Məhz orada perspektivli bazarlarımızı görürük”,- deyə Overçuk yekunlaşdırıb.