Bibiheybət məscidində şəhid ailələri və qazilərin iştirakı ilə bayram tədbiri keçirilib

Bibiheybət məscidində şəhid ailələri və qazilərin iştirakı ilə bayram tədbiri keçirilib

Ramazan bayramı ilə əlaqədar Bibiheybət məscid-ziyarətgah kompleksində şəhid ailələrinin üzvləri və qazilərin iştirakı ilə bayram tədbiri keçirilib.

“Report”un xəbərinə görə, Bibiheybət məscid-ziyarətgah kompleksi dini icmasının rəhbəri, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü hacı Rahib Babayev builki bayramın xüsusi sevinc və təntənə ilə qeyd edildiyini söyləyib.

“Nəhayət ki, uzun illər etdiyimiz dualar qəbul olundu, prezidentimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə şanlı ordumuz 44 günlük Vətən müharibəsində, daha sonra lokal antiterror tədbirlərində torpaqlarımızı işğaldan azad etdi, suverenliyimiz bərpa olundu. Buna görə də biz öz şəhidlərimizə, qazilərimizə, igid əsgər və zabitlərimizə minnətdarıq. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arzu edirik. Bu gün şəhidlərimizin ailələri, qazilərimiz ölkə başçısının və birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatə edilib. Onlara dəstək üçün lazımi tədbirlər görülür. Çünki bu şanlı qələbəmizə görə onlara borcluyuq”, - deyə R. Babayev bildirib.

Tədbirdə çıxış edən rəsmilər, şəhid ailələrinin üzvləri, müharibə veteranları göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər, Ramazan bayramı münasibəti ilə hər kəsi təbrik ediblər.