Paşinyan: Ermənistan və Rusiya arasında münasibətlər çətin dövrdən keçir

Paşinyan: Ermənistan və Rusiya arasında münasibətlər çətin dövrdən keçir

Ermənistan-Rusiya münasibətləri çətin dövrdən keçir, lakin bu münasibətlər Ermənistanın dövlətçiliyi, iqtisadiyyatı və təhlükəsizliyi üçün xüsusi əhəmiyyət kəsb edir.

Birxeber.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

Hökumət başçısı qeyd edib ki, Ermənistan hakimiyyəti Rusiya ilə münasibətlərdə heç bir səhvə yol verməyib və elə bir hal yoxdur ki, orada tərəfdaşları Ermənistanı öz öhdəliklərini yerinə yetirməməkdə ittiham etsinlər, amma bunun əksini göstərən hallar az deyil: "Amma onu da vurğulamaq istəyirəm ki, biz Rusiya ilə mübahisə etmək istəmirik. Həm də ona görə yox ki, bizim belə imkanımız və gücümüz yoxdur, ona görə ki, biz münasibətlərimizdə olan müsbət cəhətləri yüksək qiymətləndiririk".

Nikol Paşinyan deyib ki, iki ölkə arasında münasibətlərdə dəyişikliyin necə və niyə baş verdiyini dərindən və konseptual olaraq anlamaq vacibdir. O əlavə edib ki, indi "tarixi Ermənistan"la Rusiya arasındakı münasibətdən "hazırkı Ermənistan"la Rusiya arasındakı münasibətlərə keçid baş verir: "Bu, bəzən Ermənistanın özündə baş verən daxili transformasiya qədər ağrılı olur. Ancaq bu transformasiyanı "müsbət hekayələrlə" doldurmaq üçün hər şey edilməlidir. Ermənistan buna hazırdır".

Onun sözlərinə görə, 2018-ci ilin mayında Rusiya Prezidenti Putinlə ilk görüşündə suverenliyə, dövlətçiliyə və maraqlara qarşılıqlı hörmət barədə razılığa gəliblər. Paşinyan belə bir dialoqa hazır olduğunu qeyd edib.