“Vitol”: Neftin qiyməti bu il 100 dollar/barelə çata bilər

“Vitol”: Neftin qiyməti bu il 100 dollar/barelə çata bilər

OPEC+ hasilat intizamını qoruyub saxlasa və dünya bazarlarında neft hasilatının artımının qarşısını ala bilsə, bu il spot neft qiymətləri bir barel üçün 100 ABŞ dollarına çata bilər.

“Report” “S&P Global Commodity Insights”a istinadən xəbər verir ki, bunu “Vitol” xammal ticarəti üzrə müstəqil qrupunun baş direktoru Rassel Hardi deyib.

“Brent” markalı neftin fyuçersləri ilin əvvəlindən təxminən 20 % artaraq aprelin 8-də ötən ilin oktyabr ayından bəri ilk dəfə olaraq 91 ABŞ dolları/barel səviyyəsindən yuxarı satılıb. Bu, Yaxın Şərqdə münaqişənin genişlənməsi, tədarük zəncirinin pozulması ilə bağlı narahatlıqlarla bağlıdır.

Qlobal iqtisadi artım tempi ilə bağlı narahatlıqlar tələb proqnozlarına təsir etdiyindən OPEC+ həmçinin neft qiymətlərini dəstəkləmək üçün 2022-ci ilin sonundan könüllü hasilatın azaldılması çərçivəsində gündəlik təxminən 5 milyon barel nefti bazardan çıxarıb.

“Bu, əslində məhdud təklifli bazardır, lakin bu il qiymətlər orta hesabla bir barel üçün 83 ABŞ dolları civarında olub, ona görə də OPEC-in dünya üzrə tədarüklərə nəzarətini nəzərə alsaq, bir barel üçün 80-100 ABŞ dolları bazar üçün məqbul diapazon kimi görünür”, - R.Hardi Lozannada keçirilmiş Qlobal Əmtəə Sammitində söyləyib.

Tələbə gəlincə, R.Hardi bildirib ki, “Vitol” bu il qlobal artımın 2023-cü ildə olduğu kimi 1,9 milyon barel olacağını gözləyir, özü də Çin, Hindistan və təyyarə yanacaqları artan aviadaşımalar səbəbindən böyüməni dəstəkləməyə davam edəcək.

“Citadel”in əmtəə şöbəsinin rəhbəri Sebastyan Barrak bu ilin ikinci yarısında neft bazarlarının, qismən OPEC+ hasilatının azaldılması səbəbindən, son dərəcə gərgin olacağını söyləyib. Onun fikrincə, OPEC+ son bir neçə ildə neft bazarına mütləq nəzarəti bərpa edib.

Keçən həftə OPEC+ könüllü hasilatın azaldılmasını iyul ayına qədər davam etdirəcəyini açıqlamışdı. Kartelin iyunun 1-nə planlaşdırılan növbəti nazirlər görüşündə hasilatın azaldılması ilə bağlı qərarının müddətinin artırılmasına qərar verəcəyi gözlənilir.

Son vaxtlar İraq, BƏƏ, Küveyt və Qazaxıstan kvotalarını aşsalar da, OPEC+in iki ən böyük istehsalçısı Rusiya və Səudiyyə Ərəbistanı vəd etdiyi azalmalara uyğun olaraq neft hasil edir. Ər-Riyad keçən ildən bəri istehsalı azaltmaq üçün çətin işlər görüb, istehsal koronavirus pandemiyasından bəri görünməmiş səviyyələrə düşüb.

“Etiraf etməliyik ki, OPEC son bir neçə ildə neftin qiymətlərini idarə etməkdə yaxşı iş görüb. Beləliklə, neftin qiymətinin bir barel üçün 90 ABŞ dolları olması halında OPEC üzvləri, ola bilsin, kartelin qərarları əsasında hərəkət etməyə razı olar və neftin qiymətini dəstəkləyər. Onlar uğur qazanıblar və mən onların bir qrup olaraq bu tendensiyanı davam etdirməməsi üçün heç bir səbəb görmürəm”, - “SOCAR Trading”in rəhbəri vəzifəsini icra edən Tağı Tağızadə bildirib.

Müstəqil əmtəə treyderi “Gunvor”un tədqiqat şöbəsinin rəhbəri Frederik Lasser hesab edir ki, neftin qiyməti bir barel üçün 90 ABŞ dollarından yuxarı qalxmağa davam edərsə, ABŞ, çox güman, OPEC-in əsas fiqurlarından olan Səudiyyə Ərəbistanına iyun ayında keçiriləcək OPEC+ toplantısından əvvəl daha çox neft hasil etməsi üçün təzyiq göstərəcək.

“Biz bir barel üçün 95 ABŞ dolları səviyyəsinə yaxınlaşsaq, düşünürəm ki, ən azı könüllü kəsimlərin bir hissəsini qaytarmaq, bəlkə də gündə yarım milyon barel azaltmaq üçün böyük təzyiq olacaq... İraq və Səudiyyə Ərəbistanından müəyyən həcmdə məhsulun geri dönəcəyini görəcəyimizi düşünürəm”, - o deyib.

“Energy Aspects” araşdırma qrupunun rəhbəri Amrita Sen ABŞ-Səudiyyə Ərəbistanı münasibətləri tamamilə pozulduğu üçün ərəblərin hasilatın azaldılması üzrə amerikalıların təzyiqinə boyun əyəcəyini gözləmədiyini söyləyib. Bununla belə, o, Ər-Riyadın bəzi həcmləri tədricən qaytaracağını gözlədiyini vurğulayıb.