Respirator virus infeksiyalarına görə gənc əsgərlərin ailə üzvləri və yaxınları ilə görüşü məhdudlaşdırılıb

Respirator virus infeksiyalarına görə gənc əsgərlərin ailə üzvləri və yaxınları ilə görüşü məhdudlaşdırılıb

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası ilə bağlı Azərbaycan Ordusunun təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu prosesi davam edir.

Müdafiə Nazirliyindən Birxeber.Az-ya verilən xəbərə görə, hərbi hissələrin qəbul məntəqələrində qeydiyyatdan keçdikdən sonra çağırışçılar tibb məntəqələrində hərbi həkim komissiyası tərəfindən təkrar müayinə olunurlar. Daha sonra mövsümə uyğun hərbi geyim və digər təminat növləri ilə təmin edilirlər.

Təlim hərbi hissələrində gənc əsgərlərin hazırlığı proqramına uyğun olaraq çağırışçılarla fərdi hazırlıq məşğələləri keçirilir, onlara hərbi xidmətin xüsusiyyətləri, təhlükəsizlik qaydaları, nizamnamələrin tələbləri çatdırılır:

"Ölkəmizdə mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq gənc əsgərlərin ailə üzvləri və yaxınları ilə görüşü məhdudlaşdırılıb.

Vətəndaşlardan hərbi qulluqçularımızın sağlamlığına xüsusi diqqət yetirilməsi, şəxsi heyətin respirator virus infeksiyalara yoluxma hallarının qarşısının alınması məqsədilə görülən tədbirləri anlayışla qarşılamağı və hərbi hissələrə gəlməməyi xahiş edirik".