MİDA-nın layihələrindən 9 400-dən çox ailə güzəştli mənzil əldə edib

MİDA-nın layihələrindən 9 400-dən çox ailə güzəştli mənzil əldə edib

Mənzil İnşaatı Dövlət Agentliyinin layihələrindən (MİDA) ümumilikdə 9 444 ailə güzəştli mənzil əldə edib.

“Birxeber.Az”un məlumatına görə, bunu MİDA-nın İdarə Heyətinin sədri Sadiq Sadıqov Agentliyinin fəaliyyətə başlamasının 8-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, əhalinin güzəştli şərtlərlə mənzillərə sahib olmasını təşkil etmək məqsədi ilə 8 illik fəaliyyəti dövründə Mənzil İnşaatı Dövlət Agentliyi Bakıda və regionlarda ümumilikdə 11 güzəştli mənzil layihəsinin icrasını həyata keçirib: “Həmin layihələrdən 6-nın inşası tamamlanıb, 5 layihə isə hazırda reallaşdırılır: “İcrası tamamlanmış layihələr — Yasamal Yaşayış Kompleksi, Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi, Hövsan Yaşayış Kompleksi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi, Sumqayıt şəhəri, Zəminə Həsənova küçəsində inşa edilmiş güzəştli mənzillər və Gəncə Yaşayış Kompleksidir”.

O bildirib ki, həmin layihələrdə 11 000-dən çox mənzil, 5 məktəb, 8 uşaq bağçası və 1 müasir tipli poliklinika tikilib: “Bu layihələrdə tikilmiş mənzillər (11 087 mənzil) həm “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə satışa çıxarılıb, həmçinin dövlət sifarişi əsasında ayrılıb".