Ermənistanda sülhə mane olan "gizli əllər" var: məsuliyyəti Paşinyan hakimiyyəti daşıyır - ŞƏRH

Ermənistanda sülhə mane olan "gizli əllər" var: məsuliyyəti Paşinyan hakimiyyəti daşıyır - ŞƏRH

Bu gün Cənubi Qafqaz regionu üçün əsas çağırışlardan biri sabit, təhlükəsiz mühitin təmin olunmasıdır. Bu isə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasından asılıdır. Rəsmi Bakı bütün imkanları ilə bunu reallaşdırmağa çalışır. Amma İkinci Qarabağ müharibəsindən sonra, yəni üç ildən çoxdur ki həyata keçirilən davamlı səylərə baxmayaraq, hələ də sülh sənədi imzalanmayıb. Bunun bir sıra səbəbləri var.

Çoxlarına məlumdur ki, rəsmi İrəvan getdikcə üçüncü güclərdən, o cümlədən Qərbdən asılı vəziyyətə düşür. Bu, Ermənistan hakimiyyətinin öz iradəsi ilə hərəkət etməsinin qarşısını alır. Həmçinin, o da aydındır ki, bu ölkənin baş naziri Nikol Paşinyan və onun komandasında lazımi siyasi iradə yoxdur. Paşinyan hakimiyyəti öz dövlətinin gələcəyindən çox, Qərbin tapşırıqlarının yerinə yetirilməsini düşünür. Ancaq yeganə səbəb bu deyil.

Ermənistan hərbi-siyasi elitasında sülh prosesi ilə bağlı ciddi fikir ayrılığı var. Bunu Ermənistan siyasiləri özləri də etiraf edirlər. Məsələn, ölkə parlamentinin müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının sədri, hakim “Mülkü müqavilə” partiyasının üzvü Andranik Koçaryan aprelin 8-də deyib ki, Ermənistan daxilində də sülhə mane olanlar var. Onun sözlərinə görə, eskalasiya təhlükəsi yoxdur: “Belə bir təhlükə olarsa, biz müdafiəyə keçəcəyik”.

İş orasındadır ki, Ermənistan hərbi-siyasi elitası uzun müddətdir kənar güclərin, o cümlədən Rusiyanın təsiri altında olub. Rusiya ötən illər ərzində Ermənistanda öz əlaltılarını formalaşdırıb. Məsələn, Ermənistandakı “Mənim şərəfim partiyası” özünün rusiyapərəst mövqeyi ilə seçilir. Ölkədə Paşinyan hakimiyyətə gələndən və Qərbmeyilli siyasəti gücləndirəndən sonra “Mənim şərəfim var” mövcud iqtidara qarşı açıq-aydın mübarizəyə başlayıb. Sözügedən fraksiyanın əsas üzvlərindən biri olan Tiqran Abramyan dəfələrlə Paşinyanın siyasətini tənqid edib və bildirib ki, ölkə uçuruma doğru gedir.

Ermənistan müxalifətinin nümayəndələrindən biri Taquhi Tovmasyan bu il yanvarın 18-də keçirdiyi mətbuat konfransında rəsmi İrəvanın hərbi məğlubiyyətlərinə görə hakimiyyəti tənqid edib. O söyləyib ki, Ermənistan silahlı qüvvələrini təcrübəsiz şəxslər idarə edir.

Bundan başqa, Ermənistan müxalifəti dəfələrlə Paşinyanı devirməyə çalışıb.

Ermənistan siyasi palitrasının özəlliyi ondan ibarətdir ki, müxalifət və iqtidarın iradəsi tam formada özlərindən asılı deyil. Onlar bu və ya digər formada müxtəlif xarici güclərin maraqlarına xidmət edirlər.

A.Koçaryanın açıqlamasında nəzərdə tutduğu güclər böyük ehtimalla yuxarıda haqqında danışdığımız müxalifətdir. Həmin güclərin Qərbin təsiri altında olub-olmadığını dəqiq demək çətindir. Amma bu açıqlama həm də o deməkdir ki, Ermənistan hərbi-siyasi elitasında ikitirəlik baş alıb gedir. Paşinyan siyasi proseslərin inkişafına nəzarət edə bilmir. Bu isə Ermənistan iqtidarının gücsüzlüyünün göstəricisidir.

O da mümkündür ki, hakim partiya nümayəndəsi bu açıqlaması ilə sadəcə məsuliyyəti öz boyunlarından atmağa, şübhələri başqa istiqamətə çevirməyə çalışıb. Nəzəri baxımından bu, istisna deyil. Çünki Ermənistan hakimiyyəti, doğrudan da lazımi siyasi iradə ortaya qoya bilmir.

Xatırlatmaq yerinə düşər ki, son günlər Ermənistanın Azərbaycanla şərti sərhədə qoşun yığmasına dair məlumatlar var. Həmçinin, Azərbaycan Müdafiə Nazirliyi bir neçə gündür ki, Ermənistanın müxtəlif istiqamətlərdə atəşkəsi pozmasına dair məlumatlar yayır.

Son günlər təkrarlanan təxribatlarla bağlı iki əsas versiya var; ya hakimiyyət bunu bilərəkdən, sülhdən yayınmaq üçün və kənar güclərin təsiri ilə edir, ya da sabotajların xeyli hissəsinin arxasında müxalifət dayanır. Hansı variantın real olmasından asılı olmayaraq məsuliyyəti Paşinyan hökuməti daşıyır. Əgər o, sülh istəyirsə, bunu real əməldə göstərməlidir. Daxildəki revanşistlər sülh prosesinə mane olursa, o zaman hakimiyyət onlara qarşı mübarizə aparmalıdır. Əks halda, belə çox davam edə bilməz. Ermənistan daxilində hakimiyyətlə müxalifət arasında davam edən çəkişmə gələcəkdə vətəndaş müharibəsi ilə nəticələnə bilər. Bundan ən çox əziyyət çəkən isə iqtidar özü olacaq.

Beləliklə, bir daha xatırladaq ki, Ermənistan daxilində hətta sülhə mane olanlar varsa belə, bu, hakimiyyəti məsuliyyətdən azad etmir.