İŞİD-in təhdidlərindən sonra Çempionlar Liqasının matçlarında təhlükəsizlik tədbirləri gücləndiriləcək

İŞİD-in təhdidlərindən sonra Çempionlar Liqasının matçlarında təhlükəsizlik tədbirləri gücləndiriləcək

İŞİD-in terror təhdidlərindən sonra bu həftə Çempionlar Liqasının matçlarında təhlükəsizlik artırılacaq.

APA BBC-yə istinadən xəbər verir ki, UEFA təhdidlərdən xəbərdar olduğunu lakin Madrid, Paris və Londondakı martçların planlaşdırıldığı kimi davam edəcəyini bəyan edib.

Qeyd edək ki, İŞİD-i dəstəkləyən bir media kanalı çərşənbə axşamı və çərşənbə günləri 1/4 final matçlarının keçirildiyi stadionlara hücumlara çağıran plakatlar dərc edib.
Həm Fransa, həm də İspaniya gücləndirilmiş təhlükəsizlik tədbirlərini təsdiqləyiblər.
Fransanın daxili işlər naziri Gerald Darmanin çərşənbə günü PSJ-nin Parisdə "Barselona" ilə oyununda "əhəmiyyətli dərəcədə gücləndirilmiş" təhlükəsizlik tədbirlərinin olacağını söyləyib. "Xatırladıram ki, cəmi on gün əvvəl İŞİD Münhen stadionunun şəklini paylaşdı və dedi ki, futbol oyunlarına ev sahibliyi edən idman obyektlərinə qarşı tədbir görülməlidir, bütün idman növləri hədəfə alına bilər. Çempionlar Liqasının futbol üçün nə qədər vacib olduğunu nəzərə alsaq, əlbəttə ki, biz tərəfdaşlarımızla əlaqədəyik", - fransalı nazir deyib.

İspaniya hökumətinin və idman nazirinin sözçüsü Pilar Aleqria Madriddə keçiriləcək oyunlar öncəsi "sakitlik" mesajı verib və "2000-dən çox polis və mülki mühafizə zabitinin" oyun keçiriləcək ərazilərə yerləşdiriləcəyini bildirib.

Bu həftə Madriddə iki oyun keçiriləcək. Çərşənbə axşamı "Real Madrid" "Mançester City" ilə, çərşənbə günü "Atletiko Madrid" Dortmund "Borussiya"sı ilə qarşılaşacaq

UEFA sözçüsü isə deyib ki, onlar oyunların keçiriləcəyi ölkələrlə sıx təmasdadır. "UEFA bu həftə UEFA Çempionlar Liqası oyunlarına qarşı irəli sürülən terror təhdidlərindən xəbərdardır və müvafiq ölkələrin səlahiyyətliləri ilə sıx əlaqə saxlayır. Bütün matçların müvafiq təhlükəsizlik tədbirləri ilə planlaşdırıldığı kimi keçirilməsi planlaşdırılır."

Xatırladaq ki, İŞİD tərəfdarı olan media kanal terror hücumları ilə bağlı çağırış edib və Londondakı Emirates Stadionu, Bernabeu Stadionu və Madriddəki Metropolitano Stadionu, eləcə də Parisdəki Parc des Princes Stadionunun görüntülərini nümayiş etdirib.