Gəncədə peşə təhsili və dövlət-özəl tərəfdaşlığına dair regional forum keçirilib

Gəncədə peşə təhsili və dövlət-özəl tərəfdaşlığına dair regional forum keçirilib

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Gəncə şəhərində Gəncə-Daşkəsən və Qazax-Tovuz iqtisadi rayonlarında dövlət-özəl tərəfdaşlığına dair regional forum keçirilib.

"Report"un Qərb bürosu xəbər verir ki, tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Pərvin Kərimzadə, o cümlədən Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyinin nümayəndələri, həmçinin sözügedən iqtisadi rayonlarda fəaliyyət göstərən özəl sektorun təmsilçiləri iştirak ediblər.

Tədbirdə regionda işəgötürənlərlə peşə təhsili sistemi arasında əməkdaşlıq imkanları geniş müzakirə edilib.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov çıxış edərək bildirib ki, Gəncə-Daşkəsən və Qazax-Tovuz iqtisadi rayonları təbii resurslarının zənginliyi, həmçinin əlverişli coğrafi mövqeyi ilə dağ-mədən, ağır sənaye və turizm, o cümlədən nəqliyyat sahələrində ölkə iqtisadiyyatına böyük töhfələr verir: "Xüsusilə, ikinci böyük şəhərimiz olan Gəncədə peşə təhsilinin 140 illik tarixi ənənəsi və müasir imkanları var. Bu üstünlükləri nəzərə alaraq sadalanan istiqamətlərdə işəgötürənlər də, biz də uzunmüddətli kadr hazırlığı üçün ən əlverişli həllər üzərində düşünməliyik. Belə olan halda region gənclərinin məşğulluq imkanlarını da böyük ölçüdə artırmış olarıq".

Deputat Pərvin Kərimzadə ölkə rəhbərliyinin peşə təhsilinə olan diqqətindən danışıb. Qeyd edilib ki, ölkə miqyasında həyata keçirilən islahatlar bu sahədə də istər infrastruktur, istərsə də tədrisin keyfiyyəti baxımından qısa müddət ərzində böyük uğurların əldə edilməsinə gətirib çıxarıb.

Sonra işəgötürən qurumların nümayəndələri müxtəlif əməkdaşlıq modelləri əsasında peşə təhsil müəssisələri ilə işin qurulmasının hər iki tərəf üçün əlverişli olduğunu qeyd ediblər.

Qeyd edək ki, regional forumun keçirilməsində əsas məqsəd işəgötürənlərin peşə təhsili sisteminə cəlb edilməsi, kadr hazırlığının işəgötürənlərin tələblərinə uyğun aparılması və təhsildə dövlət-özəl tərəfdaşlığı sisteminin həyata keçirilməsi perspektivlərinin müzakirəsidir.