Almaniya ordunun güclənməsinə əlavə 7 mlrd. avro xərcləyəcək

Almaniya ordunun güclənməsinə əlavə 7 mlrd. avro xərcləyəcək

Almaniya ordunun təchizatını gücləndirmək üçün 7 milyard avro həcmində silah-sursat sifariş etməyi planlaşdırır.

APA-nın “Bloomberg”ə istinadən məlumatına görə, əldə olunacaq iki ədəd hərbi gəmi, eləcə də yüzlərlə zirehli nəqliyyat vasitələri də daxildir.

Ölkəyə gətiriləcək texnikanın arasında iki ədəd “F126” hərbi gəmisi də var. Onların qiyməti təqribən 3 milyard avro təşkil edir. Bu məqsədlə ayrılan vəsaitin 4 milyardı isə 900 ədəd “Fuchs” markalı zirehli texnikanın alınmasına xərclənəcək.

Hökumətlə istehsalçı şirkət olan “Rheinmetall Landsysteme GmbH” arasındakı razılığa əsasən sifarişlər 2025-ci ilin birinci yarısından etibarən ölkəyə çatdırılacaq.

Bu planın reallaşması üçün Bundestaq Müdafiə Nazirliyinin müvafiq təklifini təsdiqləməlidir.

Yeri gəlmişkən, bəzi analitiklər bildirir ki, ordunun texniki təchizatına diqqətin artırılması əsasən Ukraynadakı müharibə ilə bağlıdır.

Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Almaniya kansleri Olaf Şolts hərbi xərclərin artırılmasına dəstək üçün 100 milyard avro məbləğində büdcəyə malik fondun yaradılmasına qərar verib.

Qeyd edək ki, hazırda bu ölkənin dövlət büdcəsi 52 milyard avro təşkil edir.