Konqres sədri: Azərbaycan diasporu Moldova cəmiyyətinin bir hissəsinə çevrilib - MÜSAHİBƏ

Konqres sədri: Azərbaycan diasporu Moldova cəmiyyətinin bir hissəsinə çevrilib - MÜSAHİBƏ

Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov “Report”un Şərqi Avropa bürosuna müsahibəsində Rusiya-Ukrayna müharibəsi, Moldovada mövcud durum, azərbaycanlıların yerli cəmiyyətə inteqrasiyası, iki ölkənin əməkdaşlığı və digər məsələlərə toxunub.

“Report” müsahibəni təqdim edir:

- Moldovada mövcud durum necədir? Qonşu Ukraynada iki ildən artıqdır davam edən müharibə fonunda ölkədə ictimai-siyasi vəziyyət daha da həssaslaşıb. Bu, soydaşlarımızın həyatına hansısa şəkildə təsir edibmi?

- Əlbəttə ki, dəyişikliklər var. Ukraynada baş verən hadisələr, demək olar ki, bütün sahələrdə - siyasi, iqtisadi, sosial sahələrdə regiondakı vəziyyətə əhəmiyyətli dərəcədə təsir göstərib. Qonşu dövlətdəki müharibə Moldovada yaşayan azərbaycanlılara ölkənin qalan sakinləri ilə eyni dərəcədə təsir göstərib. Qeyd edək ki, Azərbaycan diasporu Moldovaya uğurla inteqrasiya olub və cəmiyyətin bir hissəsinə çevrilib. Moldova bizim ikinci vətənimizdir. Biz tarixi Vətənimiz olan Azərbaycanı sevdiyimiz kimi Moldovanı da sevirik. Buna görə də burada xoş, yaxud xoşagəlməz hər hansı hadisə, şübhəsiz ki, soydaşlarımızın həyatına təsir edir. Əgər siz vahid sistemin bir hissəsisinizsə, bu, normal və təxmin edilə bilən prosesdir.

Yeri gəlmişkən, bu ilin aprelində Moldovada əhalinin siyahıyaalınması keçiriləcək və ölkə vətəndaşları tarixdə ilk dəfə olaraq iki millətə mənsub olduqlarını göstərə biləcək. Bu ilin payızında Moldovada prezident seçkiləri də keçiriləcək. Əlbəttə ki, bu seçkilərdə fəal iştirak edəcəyik. Gələn il isə parlament seçkilərinin keçirilməsi nəzərdə tutulub. Biz hətta parlament seçkiləri ilə bağlı müəyyən ümidlərimiz var, çünki diasporumuzun nümayəndələri namizədliklərini irəli sürəcəklər.

Ukraynadakı müharibə ilə bağlı sualınıza qayıdaraq qeyd edə bilərəm ki, yerli hakimiyyət vəziyyətə tez uyğunlaşa bilib. Bütün dünya görüb ki, ölkə rəhbərliyi xaos, təşviş və kollaps olmadan ən qısa zamanda böyük qaçqın axını ilə bağlı işləri tənzimləməyə və təşkil etməyə nail olub.

- Müharibə başlayandan bəri Ukraynadan Moldova vasitəsilə nə qədər azərbaycanlı keçib? Soydaşlarımızın ölkə ərazisindən tranziti necə həyata keçirilir?

- Müharibənin ilk günlərindən etibarən Moldova hökuməti və parlamentinin, şəhər merlərinin, Azərbaycan hökumətinin, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Moldovadakı səfirliyinin operativ razılaşmaları və tədbirləri sayəsində Konqresimizlə əməkdaşlıq çərçivəsində müharibə zonasını tərk edərək tarixi vətənlərinə qayıtmaq istəyən Azərbaycan vətəndaşlarının təxliyəsi üçün aydın mexanizm işlənib hazırlanıb. Türkiyə ərazisindən avtobus reysləri, eləcə də təxliyə uçuşları təşkil edilib.

Doğrusu, həmin günlərdə bizim və səfirlik işçilərinin üzərinə nəinki fiziki, həm də müəyyən emosional dözüm tələb edən böyük bir yük düşmüşdü. Biz sözün əsl mənasında vağzallarda yaşayırdıq, ağır stress vəziyyətində olan həmvətənlərimizi qarşılayır, yola salırdıq. Aydındır ki, insanlar əldə etdikləri şeylərdən imtina etməli və cəmi bir neçə saat ərzində Ukraynanı tərk etməklə bağlı qərar verməli idilər. Təbii ki, bütün bunlar böyük əsəb gərginliyinə səbəb olurdu. Mən bütün bu mərhələlərdə iştirak edən və insanların Azərbaycana təhlükəsiz şəkildə getməsini təmin edən hər kəsə təşəkkür edirəm.

Hətta burada söhbət rəqəmlərdən də getmir. Vətənə göndərilən soydaşlarımızın sayı minlərlə olsa da, söhbət ondan gedir ki, biz birlikdə böyük iş görmüşük və insanların taleyində iştirak etmişik.

- Konqres hazırda hansı tədbirləri və layihələri həyata keçirir?

- Birincisi, bunlar diasporun özünə yönəlmiş layihələrdir. Biz bütün milli bayramlarımızı mehriban, şən və Azərbaycanın bütün adət-ənənələrinə uyğun olaraq qeyd edirik. Məsələn, bu il Novruz Bayramına həsr olunmuş açıq hava tədbirimizə təxminən yaxın insan toplaşmışdı! Hər il Ramazan bayramında soydaşlarımıza qurban əti paylayırıq. Artıq üçüncü ildir ki, Qələbə Günündə böyük bir tədbir təşkil edirik. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü üçün biz uzun illərdir ardıcıl olaraq ölkənin bütün regionlarını və Azərbaycan diasporunun bütün uşaqlarını əhatə edən Hədiyyə Marafonu keçiririk. Belə ki, bayram ərəfəsində Konqres fəalları, gənc nəslin nümayəndələri 10 yaşa qədər azərbaycanlı uşaqların olduğu ölkənin hər kəndinə, şəhərinə yollanır və onlara hədiyyələr verir.

Keçən il ilk dəfə olaraq həmyerlilərimiz və Moldova xalqının nümayəndələri arasında həvəskarlar arasında nərd çempionatı təşkil etdik. Kifayət qədər maraqlı yarış olub və bu, azərbaycanlıları və moldovalıları birləşdirib.

Biz xalqımızın bütün unudulmaz matəm tarixlərini - Qara Yanvar, Xocalı soyqırımı, Azərbaycanlıların Soyqırımı Gününü yad edirik. Bu da xalqımızın tarixinin bir hissəsidir, biz ona dərin hörmətlə yanaşırıq. Konqres tarixi günlərlə bağlı olmayan, lakin davamlı şəkildə həyata keçirilən fəaliyyətinin mühüm və zəruri hissəsi Azərbaycan icması daxilində həyata keçirilən xeyriyyə layihələridir. Biz mütəmadi olaraq ehtiyacı olan soydaşlarımıza və veteranlarımıza yardım edirik. Buraya ərzaq, geyim, ayaqqabı, gündəlik istifadə üçün lazım olan avadanlıqlar, hətta tikinti materialları daxil olmaqla insanların ehtiyacı olan hər şey daxildir.

Konqresimizin işinin daha bir diqqətəlayiq istiqaməti Moldovada Azərbaycan mədəniyyətinin və dilinin təbliğinə, eləcə də soydaşlarımızın bu cəmiyyətə inteqrasiyasına yönəlmiş fəaliyyətdir. Buna nail olmaq üçün biz televiziya proqramlarında, etnoazlıqlarla bağlı keçirilən festivallarda və müxtəlif mədəni tədbirlərdə fəal iştirak edirik. 2023-cü ilin dekabrında biz Kişineuda yerləşən Orqan Musiqi Zalında Azərbaycandan olan sənətçilərin ifasında muğam konserti təşkil etməkdən məmnun olduq. Hər kəs əsl Azərbaycan muğamını dinləyə bildi.

Bazar günləri dərslərin keçirildiyi məktəbimiz haqqında danışmaq istərdim. Bu layihənin artıq iki yaşı var. Kişineu və Benderıda hər həftə peşəkar müəllim icmamızın uşaqları üçün Azərbaycan dilində dərslər keçir. Uşaqlar qrammatika, riyaziyyat, ədəbiyyat, tarixi vətənlərinin adət-ənənələrini öyrənirlər. Bu, çox qürur duyduğumuz gözəl layihədir.
Moldovadakı Azərbaycan diasporunun həyatı həqiqətən hadisələrlə zəngindir. Biz nəinki həmvətənlərimizin problemlərindən xəbərdar olmağa çalışırıq, həm də övladlarımızın uğurlarını daim izləyirik. İcmamızda beynəlxalq və regional yarışlarda parlaq çıxış edən çoxlu istedadlı idmançılar - cüdoçular, boksçular, tennisçilər və. s var.

Yeri gəlmişkən, mart ayında Antalya və Avstriyada keçirilən iki beynəlxalq cüdo turnirində Konqresimizin fəalı və titullu idmançı Adil Osmanov finalda Azərbaycan idmançısı Rəşid Məmmədəliyevlə qarşılaşıb və qalib gəlib. Bu, həm də bizim üçün kifayət qədər emosional məqamdır. Çünki yarışda çıxış edən ən güclü iki idmançı azərbaycanlı idi!

Sonda vurğulamaq istərdim ki, Moldovada Azərbaycan diasporu həqiqətən güclüdür və ən fəal diasporalardan biridir. Bizi tez-tez digər etnik azlıqları təmsil edən ictimai təşkilatlara təşəbbüskar və fəal struktur kimi nümunə göstərirlər. Məncə, bu, çox şeydən xəbər verir. Hər şeydən əvvəl biz birik və həmrəyik.

Bir daha söyləmək istərdim ki, Moldova bizim üçün yad ölkə deyil. Çünki bura özümüzü fəal şəkildə ifadə etdiyimiz, sözümüzün eşidildiyi ikinci vətənə çevrilib. Bizim vəzifəmiz isə Azərbaycan xalqının tarixi yaddaşını, milli qüruru və tarixi Vətənimizə məhəbbət hissini qoruyub saxlayaraq burada xoşbəxt yaşamaqdır.