Azərbaycanlı sabiq futbolçu ABŞ-də futbol məktəbi açmaq istəyir

Azərbaycanlı sabiq futbolçu ABŞ-də futbol məktəbi açmaq istəyir

6 ay əvvəl ABŞ-yə gəlmişəm. Məqsədim böyükdür, burada futbol məktəbi açmaq istəyirəm.

Bunu “Birxeber.Az”a açıqlamasında Azərbaycanın veteran futbolçusu Nicat Qurbanov deyib.

Vaxtilə ölkəmizdə müxtəlif klublarda çıxış edən, bir müddət Futbolun İnkişaf Fondunda çalışan “Neftçi”nin yetirməsi həyatında yeni səhifə açmaq istədiyini bildirib: “Dostumun dəvəti ilə bura gəldim, müzakirələr apardıq, düşündüm ki, futbola aid bir iş görüm. Mənim üçün hansı variantın daha uğurlu ola biləcəyini fikirləşirəm. Müvafiq sənədlərim hazır olmalıdır, hələ ki, gözləyirəm. Hazırkı məqsədim futbol məktəblərindən birində məşqçi kimi çalışmaqdır”.

İngilis dili biliklərini təkmilləşdirmək məqsədilə kurslara qatıldığını söyləyən 32 yaşlı sabiq futbolçu ABŞ-də əvvəlki illərə nisbətən futbolun daha da inkişafda olduğunu vurğulayıb: “Valideynlər öz uşaqlarını futbol məktəbinə yazdırmağa üstünlük verirlər. Belə olan halda, düşünürəm ki, gələcəkdə futbol məktəbi açmaq olar. Təbii ki, bunun üçün kifayət qədər zaman lazımdır”.

Qeyd edək ki, C kateqoriyası olan N.Qurbanov karyerası ərzində "Simurq", AZAL, "Neftçi", "Kəpəz", "Zirə", "Sumqayıt", "Keşlə" və Gürcüstanın "Samtrediya" klubunda çıxış edib.