Fond rəsmisi: “Kirayə mənzil mexanizmində daha yumşaq yanaşma tətbiq edilir”

Fond rəsmisi: “Kirayə mənzil mexanizmində daha yumşaq yanaşma tətbiq edilir”

Azərbaycanda satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində mənzil üçün müraciət edən vətəndaşın gəlirlərinin və xərclərinin qiymətləndirilməsi zamanı daha yumşaq yanaşma tətbiq edilir.

Bunu “Report”a müsahibəsində Fondun İdarə Heyətinin sədr müavini Ramil Tahirov bildirib.

“Məsələn, kredit tarixçəsi müsbət olan vətəndaşların aylıq xərclərində ölkə üzrə yaşayış minimumu ümumiyyətlə nəzərə alınmır. Bu zaman aylıq ödənişlər də çox güzəştli şərtlərlə hesablanır. Belə ki, mexanizm çərçivəsində Fondun gəlirliliyi nəzərdə tutulmayıb. Aylıq ödənişlərə yalnız sığorta xərcləri və Qaydalarla nəzərdə tutulmuş zəruri xərclər daxildir”, - deyə o qeyd edib.

“2022-ci ildən tətbiq olunan digər yeniliyə əsasən, dövriyyəsini sənədlə təsdiq edə bilməyən şəxslər, yəni sabit vergi ödəyiciləri də kirayə mənzil mexanizmindən faydalanmaqla uzunmüddətə ödəmə imkanı ilə mənzil tələbatını ödəyə bilirlər. Söhbət bərbər, dərzi və bu kateqoriyalardan olan başqa peşə sahiblərindən gedir.

İpoteka kreditləşməsində olduğu kimi, satmaq öhdəliyi ilə kirayə mexanizmində də müraciətlərin qəbulundan tutmuş sənədləşməyə qədər bütün proseslər “tək şəxsiyyət vəsiqəsi”lə elektron sistem üzərindən aparılır ki, bu da vətəndaşların həm vaxtına, həm də vəsaitlərinə qənaət etməyə imkan yaradır. İndiyə qədər 4 500-ə yaxın vətəndaş və yaxud ailə bu mexanizmdən yararlanaraq mənzil şəraitini yaxşılaşdırıb ki, onların da 70 %-ə yaxını gənclərdir”, - deyə R.Tahirov əlavə edib.

Sədr müavini ilə geniş müsahibəni buradan oxuya bilərsiniz.