Azərbaycan idmançısı atçılıq üzrə beynəlxalq yarışın qalibi olub

Azərbaycan idmançısı atçılıq üzrə beynəlxalq yarışın qalibi olub

Azərbaycan idmançısı Aydın Əlibəyov Rusiyanın paytaxtı Moskva şəhərində atçılığın dresaj növü üzrə keçirilən “Maksima Masters” çempionatında qalib gəlib.

"Report" xəbər verir ki, 4 gün davam edən yarışda 3 atla iştirak edən təmsilçimiz cavan atlar (5 – 7 yaş) arasında təşkil olunan turda 4 qızıl, böyük atlar arasında turda (“Qızıl Tur”) isə 2 qızıl və 1 bürünc medala sahib çıxıb.

Yekun nəticələrə əsasən, Azərbaycan MDB dövlətləri arasında “Maksima Masters” çempionatı tarixində cavan atlar arasında keçirilən yarışlar üzrə ən yüksək qiymətə layiq görülən ilk ölkə, A.Əlibəyov isə ilk idmançı olub.

Komandanın digər üzvü Aqata Zəhrabəyova isə Almaniyanın Troysdorf şəhərində ponilər arasında keçirilən beynəlxalq yarışda 69.7 % göstərici ilə ikinci yeri tutub.

Qeyd edək ki, atçılığın dresaj növü üzrə ilk milli komanda Azərbaycan Atçılıq Federasiyasının dəstəyi və təşəbbüsü ilə 2023-cü ildə yaradılıb. Yığmanın əsas məqsədi 2028-ci ildə ABŞ-ın Los-Anceles ştatında keçirilməsi planlaşdırılan Yay Olimpiya Oyunlarına vəsiqə qazanaraq ölkəni layiqincə təmsil etməkdir.