“Yoxlamada aşkarlanan böyük məbləğlər yox, 100-200 manat yeyinti kimi yazılırdı” - MN-dəki 143 milyonluq mənimsəmə işi

“Yoxlamada aşkarlanan böyük məbləğlər yox, 100-200 manat yeyinti kimi yazılırdı” - MN-dəki 143 milyonluq mənimsəmə işi

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Birxeber.Az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində dindirilən nazirliyin Maliyyə və Büdcə İdarəsinin təftiş şöbəsinin nəzarət təftişi üzrə baş inspektoru işləmiş Rüfət Quliyev deyib ki, hərbi hissələrdə aparılan yoxlamalarda iştirak edib:

“Təftiş zamanı şişirdilmiş pulları alıb, şöbə rəisi Rafail Xələfova vermişəm. Hərbi hissələrdə aparılan yoxlamalar zamanı nöqsanlar aşkar olunurdu. Həmin nöqsanlarla bağlı sənədləşmə aparmırdıq. Sənədləşmə aparılmaması ilə bağlı göstəriş var idi. Bu göstərişləri də Rafail Xələfov verirdi. Yoxlamalar zamanı yeyintilər aşkar edilirdi. Bununla bağlı Rafail Xələfova məruzə edirdik. Onun tapşırığı ilə akt yazırdıq. Amma aktda yoxlamalar zamanı aşkar olunan böyük məbləğləri yox, 100-200 manat yeyinti yazılırdı. Ümumilikdə dövlətə vurduğum ziyan 95 min manat müəyyən edilib. Həmin zərəri də ödəmişəm”.

Digər təftişçi İsmayıl Rəsulzadə isə bildirib ki, yoxlamalarda iştirak edib və artıq məbləğləri alaraq rəisi Rafail Xələfova verib: “Düzgün yolda olmamışıq, xidmətimizi lazımı qaydada yerinə yetirməmişik. Biz hərbi hissələrdə yoxlamaya getmişik. Maliyyə vəsaitlərinə nəzarət etmişik. Yoxlamaların nəticəsində əlavə vəsaitlərin yazılmasını müəyyən etmişik. Bunun da faizini götürmüşük. Bununla bağlı bizə Rafail Xələfov göstəriş verib. Təftiş şöbəsində 2021-ci ilin yanvar ayından işləmişəm. Dövlət büdcəsinə 370 min manat ziyan vurduğum müəyyən edilib. Həmin pulu ödəcəyəm”.

Digər şahid Səfər Şıxəliyev deyib ki, Maliyyə və Büdcə İdarəsinin nəzarət və təftiş şöbəsinin inspektoru olub, hazırda təqaüddədir: “Həmin şöbədə 2019-cu ilə qədər işləmişəm. Mən də işlədiyim dövrdə yoxlamalara getmişəm. Artıq vəsaitlərin yazıldığını müəyyən etmişik. Təftiş zamanı aldığımız pulları Rafail Xələfova vermişik”.

Şahid deyib ki, onun tərəfindən mənimsənilən vəsait 150 min manatdır. Qeyd edib ki, həmin vəsaitin 75 min manatını Rafail Xələfova verib: “Həmin pulu üç dəfəyə Rafail Xələfova vermişəm. İstəyirəm ki, həmin məbləğ 150 min manatdan çıxılsın. İstintaq zamanı Rafail Xələfovla üzləşmişəm. Bunu orada qeyd etmişəm”.

Məhkəmə prosesi aprelin 19-da davam etdiriləcək.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, rolkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvəllərinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, rolkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, rolkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan rulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.

Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.